12px13px15px17px
Tarix:08/01/13

Türk xalqları ədəbiyyatına aid informasiya bazası yaradılacaq

Türk xalqları ədəbiyyatına aid informasiya bazası yaradılacaq «Ədəbiyyatşünaslıq elminin elektron informasiya bazasının yaradılması və zənginləşdirilməsi lazımdır». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimov bildirib.

T.Kərimov rəhbərlik etdiyi institutun rəsmi saytına (www.literature.az ) «Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində ölkədə ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətlərini açıqlayıb. O bildirib ki, humanitar elmin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məqsədi müstəqil dövlətçiliyin möhkəmlənməsində öz rolunu oynamaq, bu taleyüklü prosesə öz töhfəsini verməkdir:

«Məhz bu məqsədi gerçəkləşdirmək üçün ədəbiyyatşünaslıq elmi qarşısında qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan xalqının milli mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də müasir ədəbi əsərlərin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi, dövlət müstəqilliyi kontekstində ədəbi-nəzəri fikrin yeni obyektiv statusunun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, ədəbiyyatşünaslıq elminin başqa elm sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması, Azərbaycan ədəbiyyatşünaslıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi, klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində layiqli yerinin müəyyən edilməsi və həqiqi dəyərinin verilməsi barədə yeni, fundamental elmi-tədqiqat əsərlərinin yazılması və çağdaş informasiya vasitələri ilə dünya xalqlarına çatdırılması, istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması, kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini bilən, klassik ədəbiyyata yaxşı bələd olan hərtərəfli hazırlıqlı gənclərə üstünlük verilməsi lazımdır».

T.Kərimov bu vəzifələrin öhdəsindən gəlmək üçün Ədəbiyyat İnstitutu tərəfindən həyata keçiriləcək tədbirləri də sadalayıb: 

“Azərbaycanın dünya şöhrətli klassikləri Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradıcılığı, tədqiqi haqqında ensiklopediyalar hazırlanacaq. Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların əsərləri müasir Azərbaycan dilinə filoloji tərcümə olunacaq.

T.Kərimov deyib ki, türk xalqları ədəbiyyatının ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemləri, türk sufizmi, türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi, XX əsr türk xalqları ədəbiyyatının inkişaf meyilləri araşdırılacaq, “Türk xalqları ədəbiyyatı tarixi” hazırlanacaq, türk xalqları ədəbiyyatına aid informasiya bazası yaradılacaq.

SEYMUR



Baxış sayı: 1335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024