12px13px15px17px
Tarix:23/01/13

Azərbaycan Milli Ensiklopediyasının elektron versiyasının yaradılması təklif olunur

İntellektual oyunların təşkili ilə məşğul olan Xəzər İntellektual Gənclər Klubu 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Azərbaycan Milli Ensiklopediyasının elektron versiyasının yaradılması təklifini irəli sürüb.

Xəzər İntellektual Gənclər Klubundan "ICTnews.az"-a verilən məlumata görə, müvafiq təklif artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə yönləndirilib. Klub rəsmisi Oqtay Məhərrəmovun sözlərinə görə, İKT ili ilə bağlı həyata keçirilməli olan tədbirlər planına Azərbaycan Milli Ensiklopediyasının elektron versiyasının salınması ölkəmizin intellektual həyatında vacib hadisə ola bilər.

Xəzər İntellektual Gənclər Klubunun müraciətində deyilir ki, bilik və məlumatların bütün sahələrini əhatə edən universal xarakterli fundamental əsər olacaq Azərbaycan Milli Ensiklopediyasının elektron daşıyıcıda, müasir proqram təminatlarından istifadə edilməklə, qavranılmaq və geniş kütlələrə çatımlılıq baxımından daha əlverişli, mətn və məzmun ilə daha çevik və daha sürətli işləməyə imkan verən elektron şəkildə hazırlanması biliklərin yayılmasına mühüm töhfə olmaqla "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin qarşısında duran vəzifələrin icrası baxımından da əhəmiyyət kəsb edir.

"Bu səbəbdən "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə əlaqədar hazırlanan tədbirlər planına Azərbaycan Milli Ensiklopediyasının müasir texnologiyalar və beynəlxalq təcrübə nəzərə alınmaqla elektron daşıyıcılarda fərdi kompüterlərdə istifadə edilmək üçün (Elektron ensiklopediya) hazırlanmasının da daxil edilməsini nəzərdən keçirməyinizi təklif edirik".

Xatırladaq ki, Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilməli olan Azərbaycan Milli Ensiklopediyasının artıq "Azərbaycan" adlanan xüsusi cildi nəşr edilib, A və B hərflərini əhatə edən üç cild yaxın vaxtlarda oxuculara təqdim olunacaq.

RƏVAN



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024