12px13px15px17px
Tarix:27/02/13

Səlim Müslümov: “İyulun 1-dən etibarən pensiyaların avtomatlaşdırılmış təyinatına keçid nəzərdə tutulur”

Sığorta-pensiya sistemində qarşıya qoyulan vəzifələrə tam nail olmaq məqsədi ilə indiki mərhələdə inzibati nəzarətin ictimai nəzarətlə dəstəklənməsi və bu əsasda daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqi əsas hədəf kimi götürülüb. Elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi qeyd olunan istiqamətdə atılan mühüm addımlardandır.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə məlumat verib.

Sədr qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb və bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir: "İslahat tədbirləri və sığorta-pensiya sisteminin inkişaf istiqamətləri nəzərə alınmaqla, Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Qərarı ilə yeni redaksiyada təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na əsasən, DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılıb.

Bu xidmətlərin hər biri vətəndaşla məmur arasında ünsiyyətin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir". S.Müslümov inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsi baxımından əhalinin yenicə istifadəsinə verilən "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sisteminin xüsusi rola malik olduğunu qeyd edib: "Bu xidmət vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir".

S.Müslümov hazırda DSMF tərəfindən 2 milyon 360 minə yaxın nəfərə fərdi şəxsi hesab açıldığını və bu xidmətdən həmin vətəndaşların hamısının yararlanmaq imkanının olduğunu bildirib. Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla (www.sspf.gov.az www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər.

S.Müslümov hazırda pensiya və müavinət təyinatının avtomatlaşdırılması üzrə işlərin sürətləndirildiyini və bu il iyulun 1-dən etibarən pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin nəzərdə tutulduğunu bildirib:

"Bunun üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir. Hazırda Fond stajların toplanması istiqamətdə işləri daha da intensivləşdirib və bi işdə vətəndaşların da aktiv iştirak etməsi vacibdir. Yaxın aylarda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatlar da "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətində öz əksini tapacaq. 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər".

Tədbirdə DSMF tərəfindən göstərilən elektron xidmətlər tədbir iştirakçılarına nümayiş etdirilib.

Həqiqət İsabalayeva



Baxış sayı: 1708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024