12px13px15px17px
Tarix:05/03/13

Ölkə başçısı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Hörmətli xanımlar!

Əziz analar və bacılar!


Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.

İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz.

Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,
4 mart 2013-cü il.





Baxış sayı: 1345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024