12px13px15px17px
Tarix:16/05/13

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın elmi məruzə, elmi-innovativ və elmi-təşkilati mövzulardan ibarət 12 məsələnin müzakirəsinə həsr olunduğunu bildirdi.

Öncə İtaliyanın Milli Elm Şurasının Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun professoru, dünyanın tanınmış alimlərindən olan Luçiano Teleska "Zəlzələlərin zaman ardıcıllığı dinamikasının klasterlərə ayrılması: Abşeron-Balkanyanı zonasında tətbiq" mövzusunda elmi məruzə ilə çıxış etdi.

Alim Abşeron Baltikyanı zonasında baş verən seysmik hadisələrin zaman ardıcıllığı dinamikası haqqında məlumat verərək bildirdi ki, klaster analizi və çoxölçülü qruplaşma üsulu ilə zaman diapazonunda seysmik hadisələrin qanunauyğunluqları müəyyənləşdirilmiş, güclü seysmik hadisələrin dövrləri, onlar arasında qarşılıqlı əlaqələr araşdırılmış və bu zonada zəlzələlərin qeyri-puasson paylanmaya tabe olduğu aşkar olunmuşdur.

Məruzənin həmmüəllifləri, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və AMEA Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev birgə tədqiqatlar nəticəsində Abşeron-Balkanyanı zonasının seysmikliyinin zaman qanunauyğunluqları barədə yeni məlumatların əldə edildiyini, ilk dəfə olaraq seysmik hadisələrin zaman axınından təsadüfi olmayanların seçildiyini, gizli dövrlərin aşkarlandığını, güclü və orta güclü zəlzələ qruplarının maqnitudasının aşağı və yuxarı hədd qiymətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırdılar.

Qeyd olundu ki, tədqiq olunan ərazidə və qonşu regionlarda baş vermiş seysmik hadisələr dünya təcrübəsində mövcud olan deterministik və ehtimal yanaşmalardan kompleks şəkildə istifadə edilərək kəmiyyətcə qiymətləndirilmiş, əldə olunan elmi nəticələr impakt faktorlu "Natural Hazards and Earthquake Systems Science (NHESS)" jurnalında nəşr olunmuşdur.

"Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi" barədə məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev elmi fəaliyyət sahəsində çoxaspektrli tədbirlərin həyata keçirilməsi ilə bütövlükdə Azərbaycan elminin modernləşdirilməsi məqsədini daşıyan Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi prosesinin 2015-ci ildə başa çatacağını bildirdi.

İ.Quliyev bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, AMEA-nın müvafiq strukturlarının bu fəaliyyətə daha yaxından cəlb edilməsinin vacibliyini önə çəkdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev ölkə prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə fəaliyyət planının təsdiq edilməsi haqqında" məruzəsini təqdim etdi.

Fəaliyyət planında öz əksini tapan məsələlər barədə danışan alim AzScienceNet elm kompüter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi, Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarının ölkəmizlə əlaqədar məlumatlarla zənginləşdirilməsi, İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılmasına dəstək göstərilməsi və digər məsələlərin İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran əsas hədəflərdən olduğunu vurğuladı.

AMEA-nın institut və təşkilatlarının İKT ilə təminatı vəziyyətinin monitorinqi, AzScienceNet şəbəkəsinin istifadəçiləri üçün yeni İnternet xidmətlərinin göstərilməsi, Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlərin müəyyən olunaraq viki-mühitdə yerləşdirilməsi, "Thomson Reuters" korporasiyasının elmi bazasına çıxış imkanının təşkili üçün tədbirlərin görülməsi və digər məsələlərin "İKT ili" çərçivəsində görüləcək işlər sırasında olduğunu bildirdi.

Həmçinin Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği, yayılması və xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi məsələlərinin fəaliyyət planında yer aldığını qeyd etdi. Birgə onlayn forumun keçirilməsi, onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi, "Onlayn fikir bankı"nın yaradılması və s. barədə məlumat verdi.

Fəaliyyət Planı Rəyasət Heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirilərək qəbul olundu.

AMEA Elmi-təşkilat şöbəsinin rəisi, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun 2013-cü ildə AMEA-nın alimləri üçün elan etdiyi qrant layihələrinin müsabiqəsi haqqında məlumat verdi.

Bildirdi ki, dövlət başçısının tapşırığına əsasən təsis edilmiş ARDNŞ-in Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri ilə bağlı elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədilə müsabiqə elan etmiş, 66 layihə təqdim olunmuşdur.

Hazırda AMEA prezidentinin sərəncamı ilə yaradılmış müsabiqə komissiyası layihələrin müstəqil ekspertlər tərəfindən obyektiv qiymətləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edildi.

AMEA-nın sabiq prezidenti, akademik Həsən Abdullayevin 95 illik yubileyinin keçirilməsi, AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun institutun Elmi Şurasının sədri vəzifəsinə təyin edilməsi, Fizika İnstitutunun və Mərkəzi Nəbatat Bağının Elmi Şuralarının tərkibində müəyyən dəyişikliklər edilməsi, görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin anadan olmasının 150 illik, görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 90 illik yubileylərinin keçirilməsi və s. məsələlər Rəyasət Heyəti üzvləri tərəfindən müzakirə edilərək qəbul olundu.

Məruzələrlə bağlı geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.



Baxış sayı: 981

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024