12px13px15px17px
Tarix:04/09/13

“Müəllimlər üçün “Microsoft”un İnnovativ Ekspert Müəllimi proqramı üzrə müraciətlərin müddəti 30 sentyabradək uzadılıb

“Microsoft” korporasiyasının ümumtəhsil məktəb müəllimləri üçün elan etdiyi “Microsoft Innovative Educator Expert” – “MIE Expert” (Microsoft-un İnnovativ Ekspert Müəllimi) proqramı üzrə müraciətlərin müddəti 30 sentyabra qədər uzadılıb. “MIE Expert” təhsilin transformasiyası üçün texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini bir araya gətirən birillik eksklüziv proqramdır.
 
 “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib.
 
Onun sözlərinə görə, “MIE Expert” kimi seçilmiş müəllimlər 1 illik proqramın iştirakçısı olur və bu il ərzində çeşidli vəsait və dəstəyə çıxış əldə edirlər. “Microsoft Partners in Learning Global Forum”una (Microsoft-un Təhsildə Əməkdaşlıq Qlobal Forumu) dəvətnamədən də söz açan E.Axundov qeyd edib ki, forum 2014-cü il mart ayında İspaniyanın Barselona şəhərində keçiriləcək və dünya səviyyəsində seçilmiş “MIE Expert”lərin təcrübə mübadiləsi məqsədi daşıyacaq. Forumda müəllimlər üçün ən son “Microsoft” texnologiyaları, dünyanın təhsil liderlərindən məsləhətlər, dünya təhsil icması ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq:
 
“MIE Expert proqramında iştirak şərtlərinə gəlincə, iştirakçı hal-hazırda işləyən ümumtəhsil məktəbinin istənilən fənn müəllimi olmalı, tədris keyfiyyətini artırmaq üçün texnologiyalardan yenilikçi üsullarla istifadə etməli, tədris prosesini şagirdlərdə 21-ci əsr bacarıqlarını inkişaf etdirəcək üslubla təşkil etməlidir. Proqramda iştirak şərtləri “www.pil-network.com
səhifəsində də yerləşdirilib”.
 
 
Proqram bir necə mərhələdən ibarət olacaq. Belə ki, iştirakçı “Partners in Learning” şəbəkəsinə (www.pil-network.com) qoşulub, qeydiyyatdan keçib  istifadəçi profilini yaratmalıdır. Proqramda iştirak üçün “Müraciət təlimatları”nı yükləməli (http://pilnetwork.blob.core.windows.net/public/Expert%20Educator%20Application%20Detailed%20Instructions%202013.pdf)  və tanış olmalıdır. Tədris prosesində texnologiyalardan istifadəni və 21-ci əsr bacarıqlarının aşılanmasını bacardığını sübut etmək üçün iştirakçı “Tədris layihəsi”ni (sözügedən sayta yükləməlidir) təqdim etməlidir.
 
Müəllimlər Münsiflər Komitəsinin meyarları – “Müraciət” rubrikaları və “Tədris layihəsi” rubrikaları ilə tanış olmalıdırlar. İstifadəçi profilindən “MIE Expert” müraciət formasını doldurmalıdırlar: “Müraciət ingilis dilində təqdim olunmalıdır”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024