Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət etmişdir
- Əziz həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.
Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir.
Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir.
Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir.
Eyni zamanda, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır.
Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə iki il bundan əvvəl dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir.
Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilmişdir. Deyə bilərəm ki, son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında ən ciddi nəticələrdir. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır.
Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.
İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaqdır.
Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır. Böyük infrastruktur layihələri icra edilir, şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir. Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıbdır. Azərbaycanda bütün sahələr üzrə inkişaf, tərəqqi vardır. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilibdir.
Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir.
Azərbaycanda aparılan enerji siyasəti nəinki region üçün, dünya üçün çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bu gün Azərbaycan müasir, müstəqil dövlət kimi dünyada öz rolunu oynayır və bizim imkanlarımız getdikcə daha da genişlənəcəkdir.
Bu gün bölgədə gedən proseslərdə bizim təsir imkanlarımız kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi mümkün deyildir. O təşəbbüsün gələcəyi olmayacaqdır.
Bütün bunlar görülən işlərin nəticəsidir. Bütün bunlar müstəqil Azərbaycanın uğurlarıdır. Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Biz azadıq, biz müstəqilik. Bizim taleyimiz öz əlimizdədir. Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir.
Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır.
Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir.
Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir.
Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır.
Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir.
Biz Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da ardıcıl siyasət aparacağıq. Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcəkdir. Növbəti illərdə xoşagəlməz halların aradan qaldırılması üçün, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır.
Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər - yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır.
Sosial siyasətlə bağlı bu il və əvvəlki illərdə atılmış addımlar onu göstərir ki, bu məsələlərə nə qədər böyük əhəmiyyət göstərilir. Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.
Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir.
Bir sözlə, əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm.
Mən bir daha sizə son on il ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq.
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Baxış sayı: 1029
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet