12px13px15px17px
Tarix:10/02/14

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dair müzakirə keçiriləcək

11 fevral 2014-cü il tarixində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcək.  Əlaqələndirmə Şurasının sədri gənclər və idman naziri Azad Rəhimovdur. Əlaqələndirmə Şurası dövlət proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir: "Dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur. İclasda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılacaq".
 
 
Qeyd edək ki, sözügedən proqramla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) də üzərinə müəyyən vəzifələr qoyulub. Belə ki, proqramda gənclərin Azərbaycan haqqında geniş məlumat əldə etməyə həvəsləndirilməsi məqsədilə "Vətəni tanı" ümumrespublika intellektual interaktiv oyunlarının keçirilməsi nəzərdə tutulur. Müddətsiz aparılan bu tədbirin icrası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilib. Gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması üçün Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların təşkili də əsas istiqamətlərdəndir.
 
 
2015-ci ilə qədər davam edən bu tədbir Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Proqramda gənclərin təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, istedadlı gənclərin stimullaşdırılması məqsədilə beynəlxalq və respublika səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin mükafatlandırılması da yer alıb. Hər il aparılacaq bu tədbirlərin icrası isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə düşür. Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması üçün "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyəti də yer alıb.
 
2015-ci ilə qədər davam edəcək tədbirin icrasi isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun üzərinə düşür.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinə həvalə edilən digər tədbir müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması məqsədilə Azərbaycan tarixini əks etdirən kompüter oyunlarının hazırlanmasıdır. Bu bəndin icrasında Azərbaycan Milli Elmlər Akademiyası da iştirak edir.
 
 
Bundan başqa, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması üçün maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması nəzərdə tutulur. 2015-ci ilə qədər aparılacaq bu tədbirin icrası Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətlərinin üzərinə düşür. Proqramın icra müddətində gənclər üçün psixoloji xidmətin təkmilləşdirilməsi, yeniyetmələrin psixoloji durumunun yaxşılaşdırılmasının təmin edilməsi də qarşıya qoyulub. Bu məqsədlə 2015-ci ilə qədər gənclər üçün ümumi "Qaynar xətt"in yaradılması və yüksək riskli qruplardan olan gənclərin psixoloji reabilitasiyasının təşkil edilməsi planlaşdırılır ki, onun icrası da Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.
 
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq, informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi üçün həyata keçirilən digər layihə "Online fikir bankı"dır. Əsas məqsədi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamaq, gənclərin ölkə daxilində daha da inkişaf etdirmək istədikləri sahələri müəyyənləşdirmək, onların fikir və ideyalarını düzgün istiqamətləndirərək mümkün inkişaflarına zəmin yaratmaq, yeni, innovativ fikir və ideyalara malik gəncləri və bu fikir və ideyaların axtarışında olan potensial investorları (dövlət, beynəlxalq təşkilatlar və özəl) bir araya gətirmək, ölkəmizdə gənclərin fəallığının artırılmasına, onların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə zəmin yaratmaqdan ibarətdir. Dövlət Proqramının 6.3.8 - "Azərbaycanın "Online fikir bankı"nın yaradılması" bəndinin icrası məqsədilə artıq Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə yaradılan "www.fikirbanki.az" saytı hazırda fəaliyyətdədir.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024