12px13px15px17px
Tarix:03/03/14

Səlim Müslümov: “Əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq”

"Əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur.  Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir.
 
Bundan sonra əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacaq. Hazırda tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işləri aparılır. Bununla bağlı olaraq, müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq.
 
İlk növbədə hər bir tibbi-sosial ekspert komissiyalarının (TSEK) sədrləri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq". Bu fikri  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirib. Nazir əlilliyin müəyyən olunması sahəsində fəaliyyət mexanizminin müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun tərzdə yenidən qurulmasının son aylarda nazirliyin qarşısında əsas vəzifələrdən birinə çevrildiyini vurğulayıb.
 
Bu istiqamətdə konkret işlərin aparıldığını qeyd edən S.Müslümov eyni zamanda fəaliyyəti əhalidə ciddi narazılıq yaradan tibbi-sosial ekspert komissiyalarının sədrlərinin (TSEK) vəzifələrindən uzaqlaşdırıldığını bildirib: "Artıq 25-dək TSEK-n tərkibi dəyişdirilib. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib". İclasda bildirilib ki, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının  müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, həmçinin "2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi hazırlanıb.
 
"Ehtiyata və ya istefaya buraxılmış (orqanlarda xidmət etmiş) vətəndaşlara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə" Təlimat hazırlanıb. Əlillər barədə vahid məlumat bazasının yaradılması məqsədilə hazırlanmış xüsusi proqram təminatı üzrə məlumatların TSEK-lər tərəfindən doldurulması işləri davam etdirilir. İclasda S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahat tədbirlərinin, o cümlədən əlillər barədə vahid məlumat bazasının yaradılması işlərinin sürətləndirilməsi, əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması və s. barədə tapşırıqlar verib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 960

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024