12px13px15px17px
Tarix:18/04/14

Azərbaycan Milli Elmlər Akademiyasının 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib.
 
Tədbirdən öncə  Fəxri Xiyaban ziyarət edilərək, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər qurumların rəhbərlərinin də iştirakı ilə qonaqlar AMEA-nın Əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış olublar. Elmi nailiyyətlərin sərgisində təqdimatı maraqla qarşılanmış materiallarla bərabər, AMEA "ElmTV"-nin hazırladığı dünyada baş verən elmi yeniliklər və TOP-10 elmi mükafatları ilə bağlı videoçarx nümayiş etdirilib.
 
 
Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqi ilə başlayıb. Elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini deyən akademikin sözlərinə görə, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsipidir. AMEA prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu da diqqətə çatdıraraq, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını  bildirib. Eyni zamanda ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırladıb.
 
 Onun sözlərinə görə,  görülmüş işlər sırasına AMEA-nın elmi müəssisələrinin direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. AMEA-da gənc kadrlara xüsusi diqqət ayrıldığını da deyən AMEA rəhbəri qeyd edib ki, müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması Akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.
 
 
Akademiyanın gələcək hədəflərinin də müəyyənləşdirildiyini deyən A.Əlizadənin sözlərinə görə,  hazırda "AMEA 2020-ci ilə qədər" İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet və əsas istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir. Həmçinin akademik Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlərin təşkilinin vacibliyinə və əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.
 
 
Sonra Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edib. Hesabat ilində  Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə start verildiyini vurğulayan R.Əliquliyev  bildirib ki, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş  tətbiq edilib. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən artıq məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib.
AMEA rəsmisi 2013-cü ildə Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyini artırmaq, Mərkəzi Aparatın elmin idarə edilməsi fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədi ilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də söz açıb. Belə ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılıb. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "sosiologiya" sözü götürülüb, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İn­san Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılıb.
 
AMEA-nın müxbir üzvü Akademiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlər görüldüyünü də qeyd edib. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-nün artıq başa çatdığı, 13-nün  davam etdirildiyi vurğulanıb.
 
Akademiyada həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də danışan R.Əliquliyevin sözlərinə görə, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb olunmasına şərait yaradıb.
 
Akademik-katib AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən də bəhs edib. Hazırda müzakirə prosesində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsi elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayan R.Əliquliyev "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul edilməsini məqsədəuyğun hesab edib.
 
Daha sonra çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rəyasət Heyətinin hesabatını məqbul qiymətləndirərək, prezident İlham Əliyevin elmə, təhsilə, intellektual insan potensialının inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də fəaliyyətinə toxunan nazir qeyd edib ki, RYTN-in Elmi Mərkəzində və innovativ yönümlü proqramlar çərçivəsində müəyyən elmi-texniki  işlər, həmçinin AMEA və digər milli və xarici tədqiqat kollektivləri ilə birgə tədqiqatlar aparılıb. Nazirin sözlərinə görə, bu tədqiqatların bir istiqamətini AMEA İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və ABŞ-ın Berkli Universiteti ilə birgə və dünyada tanınan həmyerlimiz professor Lütfi Zadənin rəhbərliyi altında həyata keçirilən qeyri-səlis məntiqlər əsasında yeni informasiya modellərinin işlənib hazırlanması və onların  əsasında mətnlərin intellektual analizi, ifrat böyük həcmli məlumatların idarə olunması kimi praktiki əhəmiyyətə malik olan işlər təşkil edir.
 
Nazirliyin AMEA ilə yaxından, çox sıx əməkdaşlıq etdiyini də vurğulayan Ə.Abbasov qeyd edib ki, birgə fəaliyyətə tətbiqi işlərin yerinə yetirilməsi, elmi jurnalların maliyyələşdirilməsi, bir qrup tədqiqatçıya təqaüdlərin verilməsi,  həmçinin  Elmin İnkişafı Fondu və İnformasiya Texnologiyalarının  İnkişafı Dövlət Fondu tərəfindən tətbiqi işlərə qrantların ayrılması, konfrans və forumların təşkili və s. kimi əməkdaşlıq istiqamətləri daxildir.
 
Ölkənin gələcək inkişaf strategiyası üzrə müəyyənləşən hədəflərinə də toxunan nazir bildirib ki, biliklərə əsaslanan iqtisadi inkişafın və bu sahədə innovativ məhsul və xidmətlərin istehsalı xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda innovativ sahibkarlığın yaradılmasının günün ən vacib tələbinə çevrildiyini deyən Ə.Abbasov bu sahədə ölkədə atılan addımlara diqqət çəkib.
 
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər elmi-texniki və sənaye parkları şəbəkəsi, o cümlədən RYTN-in tabeliyində Yüksək Texnologiyalar Parkının yaradıldığını xatırladan nazirin sözlərinə görə, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında qoyulan vəzifələrdən biri də elmi tədqiqatların nəticələrinin iqtisadiyyatda və digər sahələrdə tətbiqinə dəstək verilməsidir.
 
Yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər − İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, texnika elmləri doktoru, professor İsmayıl İbrahimov da çıxış edərək, mövcud problemlərin həlli istiqamətində təkliflərini səsləndiriblər.
 
 
Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilib.
Tədbirin sonunda elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1060

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024