12px13px15px17px
Tarix:10/06/14

Yer kürəsinin gələcəyi necə olacaq?

Yer kürəsinin gələcəyi necə olacaq? Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) təşəbbüsü ilə AMEA Rəyasət Heyətində “Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq” mövzusunda öz işinə başlayan iclas məhz bu suala cavab axtarır.

AMEA-nın Yer Elmləri Bölməsi, AMEA-nın nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsi və BGGİ-yə üzv olan alimlərin iştirakı ilə keçirilən tədbirdə BGGİ-nin AMEA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev 1919-cu ildə təsis edilmiş bu təşkilata dünyanın təxminən 70 ölkəsinin daxil olduğunu vurğulayıb. Akademiya isə AMEA Rəyasət Heyətinin 2010-cu il tarixli qərarı ilə sözügedən təşkilata üzv olub.
 
AMEA-dan verilən məlumata görə, İ.Quliyev son zamanlar Yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. İclasda 2004-2013-cü illərdə Azərbaycan ərazisindəki seysmik proseslərdən, kosmosda baş verən dəyişikliklərin Yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə edilib. Qeyd edilib ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.
 
 
AMEA prezidenti, akademik Akif Əlizadə alimlərin Yer kürəsinin gələcəyinə xüsusi diqqət yetirdiyini xatırladaraq, onların fəlakət riski barədə təkliflərinin cəmiyyətə böyük fayda verəcəyinə əminliyini ifadə edib:
 
“Ölkəmizdə ilk dəfədir ki, BGGİ-nin iclası keçirilir. Azərbaycan seysmik ərazidə yerləşdiyindən, respublikamızda belə bir tədbirin keçirilməsi təbiidir.”
 
 
BGGİ-nin prezidenti Harş Qupta, BGGİ-nin baş katibi, professor Əli İsmayılzadə çıxış edərək keçirilən tədbirdə müzakirə olunan mövzuların aktuallığını vurğulayıblar. Kanadanın Kalqari Universitetinin professoru Maykl Sideris, Keyp Taun Universitetinin professoru İzabel Ansorge, Tokyo Universitetinin professoru Kenji Sataken mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Onlar qlobal geodeziya müşahidə sisteminin tətbiqi, okeanda risk göstəricilərinin qiymətləndirilməsi, zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasına dair tövsiyələrini səsləndiriblər.
 
 
Qeyd edək ki, tədbir iyunun 13-dək davam edəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024