12px13px15px17px
Tarix:02/09/14

“Bakı 2015” Avropa Oyunları Türkiyə kanalı ilə Beynəlxalq Yayım Sazişi Bağlayıb

“Bakı 2015” Avropa Oyunları Türkiyənin aparıcı idman kanalı olan “NTV Spor” ilə beynəlxalq yayım haqqında ilk sazişi bağlayıb. Sazişə əsasən, “NTV Spor” kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.
 
Sözügedən kanal televiziya, internet və mobil platformalar üzərindən hər gün oyunların yeddi saat təqdimatını keçirəcək. Təşkilat Komitəsinin məlumatına görə, həmin yeddi saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq.
 
Eyni zamanda yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.
 
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq qeyd edib:
 
“İlk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq. Beynəlxalq İdman Yayımı Şirkəti ilə yanaşı çalışaraq ev sahibi olan yayım şirkətimiz “NTV Spor kanalı”, mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək. Türkiyədə böyük idman tədbirlərini yayımlayan “NTV Spor” kanalı Avropa Oyunlarında oynanılan hər bir idman növünün keyfiyyətli şəkildə təqdim edilməsinə xidmət edəcək”.
 
 
“Doğus Media Group”-un İdman Qrupunun prezidenti Fuat Akdağ bildirib:
 
“Biz bütün Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və Bakı 2015 ilə işləməyi səbirsizliklə gözləyirik. Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir”.
 
 
Türkiyə Olimpiya Komitəsinin baş katibi Nəşə Gündoğanın sözlərinə görə, saziş Türkiyənin hər yerindəki idman azarkeşlərini bir araya gətirəcək: “Eyni zamanda bütün Türkiyə xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq. Biz hər zaman yaxın qonşumuz olan Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə bu tarixi əlaqəni daha da möhkəmləndirəcək”.
 
 
Qeyd edək ki, “NTV Spor” kanalı Türkiyənin ən böyük media konqlomeratlarından birinin bir hissəsi olan “Doğus Media Group”-a məxsusdur. Beynəlxalq İdman Yayımı Şirkəti Oyunlar müddətində 800 saatdan artıq canlı, müasir televiziya təqdimatı nümayiş etdirəcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020