12px13px15px17px
Tarix:26/02/15

“Android” və “iOS” smartfonlar bazarında liderliyini möhkəmlədib

“Android” və “iOS” mobil əməliyyat sistemləri smartfonlar bazarına tam nəzarət edir. Bazardakı vəziyyətə “International Data Corporation” (IDC) şirkətinin analitikləri aydınlıq gətirib.
 
“Worldwide Quarterly Mobile Phone Tracker” hesabatına görə, oktyabr-dekabrda və 2014-cü ilin yekunları üzrə buraxılan smartfonların 96,3 faizi “Android” və “iOS” sistemlərinin idarəetməsi ilə işləyib. 2013-cü ilin dördüncü rübündə bu göstərici 95,6 faiz, 2013-cü ildə 93,8 faiz olub.
 
Tədarük həcminin artım tempi baxımından “Android” sistemli qurğular seqmenti 2014-cü ildə bütün smartfon bazarını üstələyib. Bu göstərici müvafiq olaraq 32 və 27,7 faizə bərabər olub. “iOS” sistemində də ötən ilin dördüncü rübündə artım qeydə alınıb (müvafiq olaraq 46,1 və 29,2 faiz).
 
2014-cü ildə dünya bazarına 1,06 milyard “Android” sistemli smartfon çıxarılıb. 2013-cü ildə bu göstərici 802,2 milyon ədəd təşkil edib. Bu qurğuların bazar payı 78,7 faizdən 81,5 faizədək artıb. "iOS”-un analoji iştirak göstəricisi 15,1 faizdən 14,8 faizədək azalıb, halbuki 2014-cü ildə tədarük edilən “iPhone” modellərinin sayı illik hesablamada 25,6 faiz - 192,7 milyon ədədədək artıb.
 
Ən populyar mobil əməliyyat sistemləri üçlüyünə “Windows Phone” daxil olsa da, onun payı 2013-cü ildə 3,3 faizdən bir il sonra 2,7 faizədək aşağı düşüb. “Windows Phone” sistemli smartfonların qlobal tədarükü 4,2 faiz artaraq 34,9 milyon ədəd təşkil edib.
 
Sistemlər arasında “BlackBerry”nin vəziyyəti çox pisdir. 2014-cü ildə Kanada smartfon istehsalçısı 5,8 milyon qurğu tədarük edib ki, bu da bir il əvvəldən 70 faiz azdır və ümumdünya göstəricisinin 0,4 faizinə uyğundur. 2013-cü ilin yekunları üzrə “BlackBerry”nin smartfonlar bazarında payı 1,9 faiz olub.
 
Smartfon satışlarının nəticələrini şərh edən “IDC”-nin tədqiqatlar üzrə direktoru Ramon Lamas bildirib ki, "Android” və “iOS” üçün liderliyi istehlakçı tələbatının yüksək olması, yenilənən məhsul xətləri və ucuz modellərin satışa çıxarılması təmin edib.
 
Analitik şirkətin tədqiqatlar üzrə baş meneceri Melissa Çau deyib ki, hazırda heç bir əməliyyat sistemi "Android” və “iOS” ilə rəqabət apara bilməz, halbuki bu istiqamətdə müəyyən addımlar atılır. Belə ki, “Microsoft” korporasiyası ucuz "Lumia” smartfonlarının satışına başlayıb, “Samsung” şirkəti “Tizen” əməliyyat sistemini kommersiya smartfonlar bazarına çıxarıb, - “DailyComm” yazır.



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024