12px13px15px17px
Tarix:29/04/15

AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib.
 
 Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin iştirakı ilə keçirilən yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın ötən il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib:
 




"Akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun yenidən qurulması hesabat ilində həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil edib. Akademik 2014-cü ilin ölkəmizin elm həyatı üçün bir sıra "ilk"lərlə də yadda qaldığını qeyd edib.
 
 Bildirib ki, AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq "Bakı Elm Festivalı-2014" və Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Akademik qeyd edib ki, Azərbaycan elminin inkişafı istiqamətində qarşıda bir sıra vəzifələr durur:
 
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olmalıdır".
 
 
Ümumi yığıncaqda elmi məruzələr də dinlənilib.
 
"Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri" mövzusunda çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov bildirib ki, kosmik tədqiqatlar Azərbaycanda ötən əsrin 80-ci illərindən başlayaraq təşəkkül tapıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Kaspi" Elm Mərkəzinin yaradılması üçün Azərbaycan KP MK Bürosu 1974-cü ildə qərar qəbul edib və AMEA nəzdində "Xəzər" Elmi Mərkəzi yaradılıb. 1978-ci ildə "Xəzər" Elmi Mərkəzinin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təşkil edilib, 1982-ci ildə isə İnstitut SSRİ Baş Kosmos İdarəsi nəzdində Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinə çevrilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb.
 
Nazirin sözlərinə görə, 2008-ci ildə "Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", 2009-cu ildə "Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramı"nın qəbul edilməsi haqqında sərəncam verib. Nazirliyin 2010-cu il tarixli Kollegiya qərarı ilə Kosmik məsələlər üzrə Şura yaradılıb və akademik Arif Paşayev Şuranın sədri təyin edilib. Ölkə başçısının 3 may 2010-cu il tarixli sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 2013-ci ildə artıq ölkımizin ilk milli peyki - "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianspace" şirkətinin "Ariane-5" raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb.
 
Nazir qeyd edib ki, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə cıxarılması nəzərdə tutulur. Kosmik tədqiqatlardan da danışan Ə.Abbasov bildirib ki, tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır. Ölkəmizdə kosmik tədqiqatlar yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komplekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir.
 
 
Daha sonra Fizika İnstitutunun Biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov "Fiziki metodlara və prinsiplərə əsaslanan biofiziki tədqiqatlar", Dövlət Neft Şirkətinin I vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə isə "Azərbaycanın neft strategiyası və elm" mövzusunda məruzələrlə çıxış edib.
 
 
Ümumi yığıncaqda AMEA-nın strukturunda qismən dəyişiklik edilməsi məsələsi  də müzkirə edilib, AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə baxılıb. Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər çıxış edib, mövcud problemlərdən söz açıb və təkliflər səsləndirilib.
 
 
Tədbirdə ilk dəfə olaraq "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" da öz sahiblərinə təqdim olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024