12px13px15px17px
Tarix:03/09/15

Nazirlik: “Yeni texnologiyaların sayəsində nəşriyyat işində xeyli uğurlar əldə olunub”

Son illər elmi-texniki tərəqqinin nailiyyəti olan elektron informasiya daşıyıcıları geniş yayılsa da, ənənəvi kitablar öz əhəmiyyətini itirməyib. Üstəlik, yeni texnologiyaların sayəsində nəşriyyat işində xeyli uğurlar əldə olunub.
 
Bu haqda məlumat verən Mədəniyyət və Turizm Nazirliyindən qeyd edilib ki, 2009-cu ildən Azərbaycan paytaxtı beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir. İki ildən bir təşkil edilən tədbir respublikamızda nəşriyyat-poliqrafiya sahəsinin inkişafına, bu sahədə beynəlxalq əlaqələrin qurulmasına xidmət etməklə yanaşı, eyni zamanda kitab sənətimizin, mədəniyyətimizin və ümumilikdə ölkəmizin təbliğinə töhfə verir.
 
Nazirliyin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.
 
 Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər.
 
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və ən müxtəlif sahələrinədək kitabları əldə etmək mümkün olacaq.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024