12px13px15px17px
Tarix:05/11/15

Azərbaycanda 102 təşkilat Maliyyə Nazirliyinin “FARABI” sisteminə qoşulub

“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi başa  çatıb. Maliyyə Nazirliyi tərəfindən  həyata keçirilən və Dünya Bankı tərəfindən dəstəklənən layihənin məqsədi - büdcə təşkilatlarında və büdcədən maliyyələşən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasının təmin edilməsidir. Sistem Dünya Bankının “Korporativ və büdcə sektorunda hesabatlılıq” layihəsi çərçivəsində yaradılıb.
 
 
“SİNAM” şirkəti tərəfindən tətbiq olunan layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.
 
2012-2015-ci illərdə layihənin iki mərhələsi çərçivəsində sistemə 75 büdcə təşkilatı və 24 universitet qoşulub. Layihə çərçivəsində Müəssisə resurslarının idarəetmə sistemi (ERP) yaradılmış və müvəffəqiyyətlə 102 təşkilatda tətbiq edilmişdir.
Qeyd etmək lazımdır ki, sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə “elektron hökumət” konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir.
 
Səhiyyə Nazirliyinin maliyyə-iqtisad şöbəsinin baş məsləhətçisi Rəna Camalovanın sözlərinə görə, tətbiq olunan proqram təminatı Azərbaycanda ilk olaraq milli mühasibatlıq standartlarını dəstəkləyir. Müxtəlif modullar vasitəsilə, o cümlədən, əmək haqlarının hesablanması və ödənişlər daha sürətlə və avtomatlaşdırılmış formatda həyata keçirilir.
 
Texniki Universitetin baş mühasibi Əfsər Dadaşov da “FARABI” layihəsi çərçivəsində mühasibatlıq üçün tətbiq olunan sistemi yüksək qiymətləndirib. Onun bildirdiyinə görə, istifadə olunan 4 il müddətində proqram təminatı öz üstünlüklərini nümayiş etdirib. Avtomatlaşdırılmış hesablamalar mühasibatlıqda vaxt və insan resurslarının qənaət olunmasını təmin edir. Əgər əvvəllər universitetdə əmək haqlarının hesablanması ilə 5-6 işçi məşğul olurdusa, indi bu əməliyyatı cəmi 2 mühasib həyata keçirir. Tələbələrin müavinətlərinin hesablanmasına əgər əvvəllər 10 günədək vaxt sərf edilirdisə, indi bunun üçün cəmi 2-3 iş günü tələb olunur.
 
Ə.Dadaşovun sözlərinə görə, proqramın digər bir üstünlüyü də xəstəlik vərəqəsinə görə müavinətlərin hesablanmasıdır. Bu proses tam avtomatlaşdırıldığı üçün artıq hər hesablama üzrə 2-3 saat vaxt sərf etmək zərurəti yoxdur. Əmək haqlarının kartlara köçürülməsi, sosial sığortaların ödənilməsi də avtomatlaşdırıldığı üçün nəzərəçarpacaq dərəcədə vaxt qənaəti təmin edilir. 
 
 
Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:
 
  • Sistem İKT sahəsində hal-hazırda istifadə olunan ən müasir “bulud” texnologiyası əsasında qurulub;
 
  • Proqram təminatının funksionallığı «Müəssisə resurslarının idarə edilməsi sistemi» (beynəlxalq klassifikasiya üzrə – «ERP system») prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir;
 
 
  • Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir;
 
  • Sistemin şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur;
 
 
  • Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün elektron açar və elektron imzanın tətbiqi mümkündür;
 
  • Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur;
 
 
  • Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır.
 



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024