12px13px15px17px
Tarix:25/04/16

Detalları çap edilən ilk aviamühərriklər istehsal olunub

ABŞ-ın “GE Aviation” və Fransanın “Snecma” şirkətlərinin “CFM international” birgə müəssisəsi “LEAP-1A” ikikonturlu turboreaktiv mühərrikinin ilk iki seriyasını Avropanın “Airbus" təyyarə istehsalçısına çatdırıb. Bu barədə “General Electric” şirkətinin məlumatında deyilir. “A320neo” sərnişin təyyarəsində quraşdırılması nəzərdə tutulan yeni mühərrik dünyanın çap edilmiş detalların istifadə olunduğu ilk seriyalı aviasiya güc qurğusudur.    

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, "LEAP-1A” güc qurğusunda 19 çap edilmiş yanacaq forsunkası yer alıb. Mühərriklər üçün yanacaq tozlandırıcıları kobalt xrom ərintisinin bilavasitə lazerlə bişirilməsi üsulu ilə istehsal edilir. Tibbi avadanlıqların və müxtəlif protezlərin istehsalında geniş istifadə olunan bu ərinti kifayət qədər möhkəm və yüngüldür. Məhz buna görə “GE Aviation” mühəndisləri ondan mühərriklər üçün detalların istehsalında istifadəni məqsədəuyğun hesab ediblər.

Bildirilir ki, ilk sınaqları ötən ilin mayında sərnişin təyyarəsində keçirilən “LEAP-1A” mühərrikləri “A320neo” təyyarəsində quraşdırılıb. Bu mühərriklərlə təyyarənin uçuş müddəti 2,5 saat təşkil edib. “LEAP” tipli güc qurğularında çap edilmiş forsunkalardan başqa karbon lifli kömür plastik kütlədən istehsal edilən ventilyator pərlərindən istifadə olunur. Bundan başqa, güc qurğusunda yüksək və aşağı təzyiq turbinləri istiyədavamlı və möhkəm keramik matrisa kompozitlərindən hazırlanıb.

“CFM International” mühərriklərində yeni materiallardan istifadə sayəsində “LEAP-1A”-nın müasir ikikonturlu turboreaktiv mühərriklərlə müqayisədə yanacaqdan daha effektiv istifadəsinə nail olunub və bunun nəticəsində yeni güc qurğuları yanacağa orta hesabla 15 faiz qənaət etməyə başlayıb.  
“A320neo” təyyarəsinin yeni güc qurğuları ilə ilk sərnişin reysinin 2018-ci ildə həyata keçiriləcəyi gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024