12px13px15px17px
Tarix:01/06/16

Avtomobil dəyərində son dərəcə təhlükəsiz smartfon təqdim edilib

Britaniyanın “Sirin Labs” şirkəti “Android” platforması ilə işləyən 9500 funt-sterlinq məbləğində təhlükəsiz “Solarin” smartfonunu təqdim edib. Şirkət 30 iyun 2016-cı il tarixindən cihazın satışına başlamağı planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, smartfon 2560x1440 piksel təsvir ölçülü displey, “Qualcomm Snapdragon 810” prosessoru, 4 QB əməli yaddaş,128 QB daxili daşıyıcı, 24 meqapiksellik optik sabitləşməyə malik əsas kamera, 8 meqapiksellik ön kamera və 4040 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. “LTE” texnologiyasını dəstəkləyir.
 
“Zimperium” proqram təminatı

“Solarin” aparatını kiberhücumlardan müdafiə etmək üçün onu “Zimperium” proqram təminatı ilə təchiz ediblər.

Bundan başqa, “Zimperium” proqramı qurğunu zərərli proqram təminatının mövcudluğu baxımından skan edir. Yoxlama mexanizmi siqnaturlara əsaslanmır, buna görə də polimorf viruslar və digər təhlükələrə qarşı dayanıqlıdır.
 
“Protonmail”

Smartfona öncədən qurulmuş “Protonmail” poçt proqramı poçt məlumatlarının şifrlənmiş mübadiləsini təmin edir. Şirkət məlumatların şifrlənməsi üçün “AES”, “RSA” və “Openpgp” kimi açıq texnologiyalardan istifadə edir.

“Protonmail” poçt proqramında  iki parol nəzərdə tutulub. Birinci parol istənilən digər poçtda olduğu kimi autentifikasiya, ikinci parol isə elektron poçt qutusunun tərkibini deşifr etmək üçün nəzərdə tutulub. Veb interfeys üzərindən autentifikasiyadan keçdikdə hər dəfə, mobil proqramda autentifikasiyadan keçdikdə isə bir dəfə ikinci parolun daxil edilməsi tələb olunur.

İstifadəçi poçt proqramının parolunu yaddan çıxartdıqda elektron poçt qutusunun tərkibi silinir və ona yeni parol göndərilir.

İstifadəçi məktub göndərən zaman onun silinmə vaxtını müəyyənləşdirə bilər. Təyin edilmiş müddət bitdikdən sonra məktub silinir.
 
“KoolSpan” – aparat səviyyəsində müdafiə

Bundan başqa, “Solarin” aparatı səsli çağırış və mesajların “End-to-End Encryption” texnologiyası ilə şifrlənməsi üçün “KoolSpan” şifrləmə çipi ilə təchiz edilib.

“KoolSpan” texnologiyası ilə müdafiə sistemi qurğunun arxa tərəfindəki əsas kameranın obyektivi üzərində yerləşən ayrıca sürüngəcin köməyi ilə işə salınır.

Xatırladaq ki, “Sirin Labs” şirkəti 2013-cü ildə təsis edilib.

Emil Hüseynov




Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024