12px13px15px17px
Tarix:16/12/16

“Galileo” peyk sistemi orbitə çıxarılıb

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) "Galileo" naviqasiya sisteminin işə başlaması üçün lazım olan sonuncu peykləri buraxıb. Bu barədə layihənin saytında deyilir.  

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "Galileo" Avropa İttifaqı (Aİ) və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsidir. Geodeziya və naviqasiya işlərinin həlli üçün nəzərdə tutulan sistemə ABŞ-ın "GPS" və Rusiyanın "QLONASS" peyklərindən fərqli olaraq milli hərbi qurumlar tərəfindən nəzarət edilmir. 

Məlumata görə, dekabrın 14-də həyata keçirilən yeni buraxılışdan sonra orbitdə "Galileo" peyklərinin sayı 18-ə çatıb ki, bu da fəaliyyətə başlamaq üçün kifayət edir. Çəkisi 700 kiloqrama yaxın aparatlar 23 222 km hündürlükdə (GPS-də bu göstərici 20 180 km təşkil edir) yerləşir.

Orbitə 24 peykin hamısı çıxarıldıqdan sonra sistemin 2020-ci ildə tam işə düşəcəyi gözlənilir. Sistemin dəqiqliyi, həmçinin çoxsaylı aparatlar və onların təchiz edildiyi daha müasir atom saatları (səhv 1 nanosaniyə qiymətləndirilir) ilə əlaqədardır. Sistemin siqnalının hətta yeraltı tunellərə çatacağı bildirilir. Əlavə ödəniş əsasında isə müştərilər obyektlərin olduğu yerləri 1 santimetr dəqiqliklə müəyyənləşdirə biləcəklər.

"Galileo" naviqasiya sistemindən, həmçinin axtarış və xilasetmə işləri üçün istifadə etmək nəzərdə tutulur. Mövcud analoqlara insanın 10 kvadrat km ərazidə aşkarlanması üçün 3 saatadək vaxt tələb olunur. Ekspertlərin hesablamalarına görə, "Galileo" sisteminə bunun üçün 10 dəqiqə lazım olacaq, eləcə də axtarış ərazisi 5 kvadrat km-dək azalacaq. Büdcəsi indiyədək 3 dəfə artırılan layihənin son dəyəri 11 milyard dollar qiymətləndirilir.

"ESA" 1975-ci ildə kosmosun tədqiqi üçün yaradılan beynəlxalq təşkilatdır. Təşkilat 22 daimi üzvdən ibarətdir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

Nizam Nuriyev

 





Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024