12px13px15px17px
Tarix:17/02/17

“Android” sisteminin smartfonlar bazarında payı 85 faizə yaxınlaşıb

“Android” mobil əməliyyat sistemi dünya smartfonlar bazarında mövqeyini möhkəmlətməkdə davam edir. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2016-cı ilin sonuncu rübündə dünya bazarında “Google” şirkətinə məxsus sistemin idarəetməsi ilə işləyən 353 milyon smartfon satılıb. Bu nəzərə alınmaqla sistemin payı 82 faizədək artıb. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin müvafiq dövründə “Android” smartfonlarının satışı 325,4 milyon qurğu səviyyəsində olub, pay göstəricisi isə 80,7 faiz təşkil edib.

Qeyd olunur ki, ötən ilin yekunlarına görə “Android” müsbət dinamika nümayiş etdirən yeganə mobil platforma olub. Sistemin payı 3,2 faiz bənd artaraq təxminən 85 faizə (84,8 faiz) çatıb. Mütəxəssislər ötən ilin sonuncu rübündə istifadəçilərin nə qədər “Android” smartfon almaları barədə dəqiq məlumat verməyiblər.

Tədqiqatda, həmçinin vurğulanır ki, ötən rübdə “iOS” sisteminin bazar payı bir il əvvəlki 17,7 faizə nisbətdə17,9 faiz təşkil edib. Hesabat dövründə “Apple” platformalı smartfonların satış həcmi 71,5 milyon ədəddən 77,04 milyon ədədədək artıb.

“Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar tədricən bazarda azalır. Belə ki, dünyada bu sistemlə işləyən 1,09 milyon ədəd smartfon satılıb ki, bunun da sayəsində “Windows”un payı 0,3 faizə bərabər olub. Bu halda 2015-ci ilin oktyabr-dekabrında “Microsoft” korporasiyasının smartfonlar bazarında iştirak göstəriciləri müvafiq olaraq 4,4 milyon qurğu və 1,1 faiz səviyyəsində qərarlaşıb.

Mütəxəssislər “BlackBerry” əməliyyat sisteminin iştirakını ötən rübdə 207,9 min ədəd satışı nəzərə almaqla sıfır səviyyəsində qiymətləndirirlər. Bir il əvvəl göstərici 907 min qurğu təşkil edib.

“Digərlər” kateqoriyasında birləşən alternativ platformalar ümumilikdə dünya smartfonlar bazarında 0,1 faiz paya sahib çıxıblar, onların əsasında işləyən qurğuların satışı isə 530,4 min ədəd ölçülüb.

Ekspertlərin hesablamalarına görə, 2016-cı ilin sonuncu rübündə dünyada 432 milyon smartfon satılıb ki, bu da 2015-ci ilin analoji dövründən 7 faiz çoxdur. Ötən il ərzində smartfonların satışı təxminən 1,5 milyard ədədə çataraq 5 faiz artıb.

Nizam Nuriyev 




Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024