12px13px15px17px
Tarix:19/05/17

Avropa Komissiyası “Facebook”u 110 milyon avro cərimələyib

Avropa Komissiyası mayın 18-də “Facebook” sosial şəbəkəsinin 2014-cü ildə “WhatsApp” messencerinin satın alınması şərtləri haqqında yalan məlumat təqdim etməsinə görə 110 milyon avro cərimələnməsi ilə bağlı qərar qəbul edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, komissiyanın bəyanatına görə, “Facebook” şirkətlərin birləşməsi, eləcə də komissiyanın informasiyanın təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq yanlış informasiya təqdim etməklə ayrı-ayrılıqda iki qanun pozuntusuna yol verib. “Avropa Komissiyası pozuntuları sazişin qiymətləndirilməsi üçün ona lazım olan məlumatların əldə edilməsinə mane olmasına görə ciddi hesab edir”, - bəyanatda qeyd olunub.

Məlumata görə, iri məbləğdə cərimənin tətbiqi ilə bağlı qərar Aİ hakimiyyəti tərəfindən ötən ilin sonunda başlanan araşdırmaların yekunu olub. O zaman tənzimləyici orqan şirkəti 2014-cü ildə “WhatsApp”ın 19 milyard dollara satın alınması üçün əldə olunan razılıqla bağlı bilərəkdən yalan məlumat verməkdə şübhəli bilib.

“Facebook”a qarşı ittihamların irəli sürülməsinə səbəb 2016-cı ilin avqustunda “WhatsApp” messencerinin məxfilik siyasətinin dəyişməsi olub. Belə ki, dəyişiklik nəticəsində messencer potensial dostların daha dəqiq tövsiyələrini vermək və elanların göstərilməsi üçün istifadəçilərin telefon nömrələrini onların “Facebook” profili ilə əlaqələndirmək imkanı əldə edib.

Avropa Komissiyası nümayəndələrinin fikrincə, bu praktika “WhatsApp”ın satın alınması üzrə sazişin şərtləri ilə ziddiyyət təşkil edir. “Facebook” messencer və sosial şəbəkə istifadəçilərinin hesablarını əlaqələndirməyəcəyinə söz verərək istifadəçi bazalarının birləşdirilməsinin texniki imkanları haqqında səhv informasiya təqdim etməklə tənzimləyici orqanı aldadıb və nəticədə saziş əlavə şərtlər irəli sürülmədən təsdiq edilib. Bununla yanaşı, Avropa Komissiyası qeyd edib ki, aparılan araşdırma “WhatsApp”ın satın alınması haqqında qərarın təsdiq edilməsinin yenidən müzakirəyə çıxarılmasına səbəb olmayacaq.

“Facebook” üçün maksimum cərimə məbləği dövriyyənin 1 faizini və ya təxminən 276 milyon dollar təşkil edə bilsə də, tənzimləyici orqan şirkətin Avropa Komissiyası ilə əməkdaşlıq etməsinə və qanun pozuntusuna yol verməsini etiraf etməsinə görə az məbləğdə cərimə tətbiq etməklə bağlı qərar qəbul edib.

Nizam Nuriyev 



Baxış sayı: 387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024