12px13px15px17px
Tarix:10/06/17

“Windows” sistemini gözləyən böyük dəyişikliklər açıqlanıb

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün payızda nümayişi nəzərdə tutulan növbəti böyük “Fall Creators Update” yeniləməsinin sınaq versiyasını (yeniləmə 16215) təqdim edib. Ən böyük dəyişikliklərdən biri bildirişlər mərkəzinin (Action Center) dizaynının yaxşılaşdırılması olub. Belə ki, bundan sonra hər əlavə üçün ayrıca bölmə ayrılacaq, bildirişlər isə qrup şəklinə salınacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, yeni “Windows 10” sistemində sevimli saytları paneldə yerləşdirmək mümkün olacaq. Həmçinin ABŞ proqram təminatı istehsalçısı “Edge” brauzerində yeni tab-vərəqlərin açılmasının animasiyasını sürətləndirib. Bundan başqa, “Cortana” səsli köməkçi funksiyası xəbərdarlıqlar yaradaraq istifadəçinin icazəsi ilə fotoşəkilləri skan etməyə başlayıb.

“Fall Creators Update” yeniləməsində bir çox yeniliklər elektron qələmlə (stilius) işə aiddir. İlk növbədə indi xüsusi panel əllə yazılmış mətnin daxil edilməsini avtomatik tanıyır, yeni jestləri (məsələn, sözlərin silinməsi) və mətnin redaktə edilməsi və emodzi imkanlarını dəstəkləyir. İstifadəçi yazan zaman “Windows 10” dərhal onun simvollarını mətnə çevirir, sözləri isə kənara çəkir.  

Bundan əlavə, elektron qələm vasitəsilə ekranı əlavə və brauzerlərdə oyana-buyana vermək olar. Daha bir yeni funksiya xəritədə elektron qələmin sonuncu dəfə istifadə olunduğu yeri göstərəcək. Həmçinin “Windows” sistemli kompüter və planşet üçün ekran klaviaturası yenidən işlənib.

“Fall Creators Update” mayda “BUILD” konfransında təqdim olunub. “Story Remix” videomontajı üçün yeni dizayn və əlavənin daxil olduğu yeniləmə “OneDrive” virtual saxlancı ilə işi asanlaşdırır, eləcə də mobil qurğular arasında sıx sinxronlaşdırmanı təmin edir. “Fall Creators Update” yeniləməsinin dəqiq buraxılış tarixi açıqlanmır. Lakin yeniləmənin adından onun sentyabr və ya oktyabrda təqdim ediləcəyi ehtimal edilir.

Nizam Nuriyev 




Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024