12px13px15px17px
Tarix:30/06/17

Pilotsuz uçan aparatlar üçün “GPS”-dən istifadə etməyən sistem yaradılıb

"GPS" sistemləri koordinatların əldə edilməsi üçün ən geniş yayılmış və dəqiq mənbələrdən biridir. Onlardan hər yerdə, o cümlədən pilotsuz uçan aparatlarda istifadə edilir. Lakin indiyədək peyk naviqasiya sistemlərinin meşə, tunel, mağara və s. kimi işləmədiyi yerlər mövcuddur. Məhz buna görə "NVIDIA" şirkətinin tədqiqatçıları robotların naviqasiyası üçün "GPS"-dən asılı olmayan sistem variantı hazırlamaq qərarına gəliblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, dünyanın məşhur şirkətinin texnologiyası daxil olan məlumatların tanınması və qərarların qəbulu üçün süni intellektin idarəetməsi ilə işləyən kameraların işinə əsaslanır. Sınaqlar zamanı pilotsuz uçan aparat modellərinin birində iki əlavə kamera və özündə süni intellekt və dərin kompüter təlimi funksiyalarını birləşdirən "Jetson TX1" modulu quraşdırılıb.

Məlumata görə, yeni sistem pilotsuz uçan aparatların mürəkkəb quruluşa malik yerlərdə səmti müstəqil tapması, marşrutu seçməsi və kənardan kömək olmadan hərəkət etməsi üçün hazırlanıb. Əvvəlcə belə sistemlə təchiz edilən pilotsuz uçan aparatlardan yalnız meşədə istifadə nəzərdə tutulsa da, praktika göstərib ki, onlardan şəhər şəraitində, təbii fəlakət zonalarında və su altında istifadə mümkündür.

Uçan aparatların hərəkətlərini idarə edən neyron şəbəkə "TrailNet" adlanır və onun təlimi təkcə açıq sahədə deyil, müxtəlif tipli meşə mühitində "GoPro" kameralarından edilən qeydlər vasitəsilə aparılıb. Kameraya çəkilən yolun ümumi uzunluğu təxminən 13 min km təşkil edib. Hazırda pilotsuz uçan aparat toqquşmaların qarşısının alınması üçün təkmilləşdirilmiş funksiya sayəsində meşə zolağında 1 km məsafəni müstəqil şəkildə qət edə bilir. Yeni sistem tərtibatçısı Nikolay Smolyanskinin sözlərinə görə, vizual sistem həm "GPS"-nin, həm də digər naviqasiya sistemlərinin işləyə bilmədiyi yerlərdə fəaliyyət göstərəcək.

Nizam Nuriyev
 





Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024