12px13px15px17px
Tarix:12/10/11

İKT-nin tətbiqi sayəsində DSMF-nin əhaliyə göstərdiyi xidmət keyfiyyəti yüksəlib

Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98,7 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizinin pensiyalarının plastik kartlarla ödənilməsi təmin olunub.

Bu barədə Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov fondda Avstriyanın "Superfund" beynəlxalq şirkətinin icraçı direktoru Ursula Kamperinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş zamanı bildirib.

S.Müslümov bildirib ki, DSMF informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq edir.

Bura məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması kimi layihələr daxildir.

"2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş əmək pensiyaları sistemi fəaliyyətdədir.

Yeni sistemin sürətlə qurulması üçün müəyyənləşdirilən əsas strategiya kimi informasiya kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması haqda çıxış edib.

Bu sahədə görülən işlər 3 əsas istiqamətdə - pensiyaların ödənişinin avtomatlaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətlərində davam etdirilib.

Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması mexanizmi seçilib", - Müslümov qeyd edib. DSMF sədri əlavə edib ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunur.

Fondun rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilib. 1 milyon 930 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Öz növbəsində Kamper rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, investisiya şirkətlər qrupu olan "Superfund" şirkətinin əsası 1995-ci ildə Vyana şəhərində qoyulub.

Bu şirkət fondların tam avtomatlaşdırılmış kompyuter-ticarət idarə sistemləri ilə təmin edilməsi sahəsində tanınmış şirkətdir. Avtomatik ticarət sistemlərinin məqsədi artan və azalan bazarlarda uzunmüddətli müsbət nəticə əldə etməkdir.

Bu gün "Superfund" şirkəti ABŞ, Avropa və Asiyadakı filialları ilə müasir maliyyə sənayesi üçün dünyada aparıcı yüksək texnologiya təklif edən şirkətlərdən biri sayılır.

Görüşün sonunda DSMF ilə "Superfund" şirkəti arasında gələcəkdə əməkdaşlıq etmək istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024