12px13px15px17px
Tarix:27/10/17

Çində elastik displeylərin seriyalı istehsalına başlanılıb

Çinin “BOE” şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalı üzrə istehsal xəttini istifadəyə verib. Beləliklə, Çin elastik displeylərin seriyalı istehsalının həyata keçirildiyi Koreya Respublikasından sonra ikinci ölkə olub.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “OLED” displeylərin ilk partiyası artıq “Huawei”, “Vivо”, “Xiaomi”, “ZTE” və Çinin əvvəllər analoji məhsulu “Samsung” istehsalçısından satın alan digər şirkətlərinə tədarük edilib.    

“BOE”-nun vitse-prezidenti Çjan Yunun sözlərinə görə, displeylərin altıncı nəsil “AMOLED” (üzvi işıq diodlu aktiv matrisa) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Çendu şəhərində - Sıçuan əyalətinin inzibati mərkəzində yerləşən bazasında həyata keçirilir.   

Məlumata görə, “OLED” ekran yüksək parlaqlıq, kontrastlıq, eləcə də kiçik qabarit və çəki daxil olmaqla çoxlu üstünlüklərə malikdir. Çin istehsalçısının məhsulunun qalınlığı 0,03 mm təşkil edir.

Sıçuan əyalətində Myanyan şəhərində ikinci oxşar istehsal xəttinin 2019-cu ildə işə salınması planlaşdırılır.
Ekspertlərin proqnozlarına görə, elastik ekranlı qurğular yaxın 1-2 ildə Çin bazarına çıxarıla bilər.

Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal ekranlarla (LCD) müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandıraraq onun işıqlandırılmasına ehtiyacı aradan qaldırır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.   

Nizam Nuriyev 




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024