12px13px15px17px
Tarix:24/11/17

Süni intellekt elementli virtual köməkçilər operatorlara xərcləri azaltmağa kömək edəcək

Müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışan rabitə operatorları texniki dəstək xidmətlərinə “telebotları” - süni intellekt elementli virtual köməkçiləri aktiv tətbiq edirlər. Bu barədə “ABI Research” tədqiqat şirkətinin hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin qiymətləndirməsinə görə, belə sistemlərdən istifadə sayəsində telekommunikasiya şirkətləri 2022-ci ilədək olan beşillik müddətə servis xidmətləri üçün xərcləri azalda və 1,2 milyard dollara qənaət edə bilərlər.
 
Bildirilir ki, “telebotlar” müştərilərə balansın vəziyyəti haqqında arayışın əldə olunması, SİM kartın alışı, texniki funksiyalar barədə informasiyanın verilməsi və nasazlıqların aradan qaldırılması kimi müxtəlif məsələlərin həllinə kömək edir. Bir sıra operatorlar “IBM Watson”, “Nuance”, “LivePerson” və “IPsoft” və s. kimi süni intellekt və təbii nitqin emalı (Natural Language Processing, NLP) sahəsində tanınmış şirkətlər tərəfindən təklif olunan hazır həllərdən istifadə edir. Digərləri özlərinin hazırladıqları texnologiyalara üstünlük verir. Məsələn, “Telefonica” operatoru 2018-ci ildə “Aura” adlı “telebotu” istifadəyə verməyi planlaşdırır.
 
Məlumata görə, virtual köməkçilərin verdikləri əsas üstünlükləri dərk edən telekommunikasiya şirkətləri tərəfindən sahə üzrə investisiya qoyuluşlarının artırılacağı gözlənilir. “ABI Research” şirkətinin proqnozuna görə, növbəti beş ildə operatorların süni intellekt texnologiyaları sahəsində investisiyalarının illik artım həcmi orta hesabla 22,4 faiz təşkil etməklə 2022-ci ilədək 14 milyard dollara çatacaq.  

Nizam Nuriyev 




Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024