12px13px15px17px
Tarix:21/12/17

Avtonom döşəməyuyan robotun sınağı keçirilir

“Walmart” pərakəndə satış şəbəkəsi beş mağazada döşəmələrin yuyulması üçün avtonom robotun sınaqlarını aparır. “Brain Corp.” şirkəti tərəfindən hazırlanan döşəməyuyan maşının kamera, ötürücü və lidar optik ötürücüləri ilə təchiz olunması ona yolda manevr etməyə və maneələri dəf etməyə imkan verir. Əvvəlcə insan tərəfindən yolun açılması üçün idarə olunan robot sonradan marşrutu yadda saxlayır və istiqaməti müstəqil müəyyənləşdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “Brain Corp.” şirkətinin rəhbəri Fil Daffinin sözlərinə görə, şirkətin texnologiyasından ABŞ-ın təxminən 50 mağazasında istifadə olunur, eləcə də aeroportlarda, təhsil və korporativ kampuslarda və sənaye obyektlərində tətbiq edilir. O əlavə edib ki, 2018-ci ilin yazınadək texnologiyanın tərəfdaş “SoftBank Robotics” şirkəti vasitəsilə Yaponiyada istifadəyə verilməsi planlaşdırılır.  

Məlumata görə, “Walmart”, həmçinin rəflərin skan edilməsi üçün robotların sınağını keçirir. Qurğular itmiş məhsulları axtarmağa, qiymətləri yoxlamağa və mal-material ehtiyatlarının səviyyəsini qiymətləndirməyə kömək edir. Bununla yanaşı, mağazalar şəbəkəsinin nümayəndələri qeyd edir ki, texnologiyalar insanların əvəzlənməsinə yox, onların işinin təkmilləşdirilməsinə xidmət edir.

Nizam Nuriyev
 





Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024