12px13px15px17px
Tarix:12/04/18

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd edilir. 1961-ci il aprelin 12-də kosmosa ilk uçuş həyata keçirilib. Kosmosu ilk fəth edən insan kimi tarixə Yuri Qaqarin düşüb.
 
Kosmonavtikanın inkişafına xüsusi töhfə verən insanlar arasında azərbaycanlı Kərim Kərimovun adı da  çəkilir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun rolu böyükdür.  Təsadüfi deyil ki, ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov keçmiş SSRİ-nin ən yüksək ordeninə layiq görülüb.
 
Bu gün ölkəmizdə kosmik sənayenin inkişafı əsas prioritetlərdən biri hesab olunur. 
 
Azərbaycanda  kosmik sənayenin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə başlayıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılması ilə ölkəmizdə yeni olan kosmik sənayenin əsası qoyulub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başladı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edilib.
 
“Azərkosmos” ASC-nin operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. Hazırda, “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin, eləcə də, özəl sektordan olan müştərilərin birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə  təmin edilməsi həyata keçirilir.
 
Ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində fəaliyyət davamlıdır. 2014-cü ildə  ölkəmiz üçün əlamətdar hadisələrdən biri də Azərbaycan və Fransa arasında strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın “Azərkosmos” tərəfindən təhvil alınması oldu.
 
Beləliklə, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı. “Azersky” peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
 
Dövlət başçısının 17 oktyabr 2017-ci il tarıxlı Sərəncamına əsasən Nazirlər Kabinetinin tabeliyinə keçirilən “Azərkosmos”un gələcək planlarına xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi, yeni müştərilərin cəlb olunması ilə yanaşı, 2018-ci il mayın 25-də orbitə buraxılması nəzərdə tutlulan “Azerspace-2” vasitəsilə Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrində şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq və etibarlı xidmət göstərmək daxildir.

Nizam Nuriyev





Baxış sayı: 451

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024