12px13px15px17px
Tarix:19/09/18

“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin ilk şəkillərini göndərib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, peyk ilk fotoşəkilləri avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə Yerdən start götürdükdən 4 ay sonra çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, “TESS” bir neçə astronomik obyektlərin görünüşünü çəkib.

Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildirib ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk şəkillər peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, “TESS” atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan “TESS” (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində “SpaceX” şirkətinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.

“TESS” teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan “Kepler” teleskopunu qismən əvəz edəcək. “TESS” teleskopu “Kepler” kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. “Kepler” isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.

Məlumata görə, “TESS” 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq. 

Mayda “TESS” ilk - sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.   

Nizam Nuriyev





Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024