12px13px15px17px
Tarix:15/11/18

“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında, hər il olduğu kimi, bu il də  ən son texnoloji yeniliklər, informasiya-kommunikasiya sahəsində məhsul və xidmətlər, o cümlədən də, yeni layihələr təqdim olunacaq. Bundan başqa, ziyarətçiləri sərginin iş günləri ərzində bir çox maraqlı sürprizlər gözləyir.

Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz “Bakutel” sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. “Azərlotereya” ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq. Biletləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pavilyonunda “Azərpoçt” MMC-yə məxsus xüsusi stenddən əldə etmək mümkün olacaq.

Hər biletin üzərində (001-dən  999-dək) 3 (üç) rəqəmli seriya nömrəsi əks olunacaq. Oyunun keçirilmə vaxtı əvvəlcədən elan olunacaq. Xüsusi guşədə quraşdırılmış elektron tabloda təsadüfi seçim yolu ilə müəyyən olunmuş  rəqəmlər nümayiş olunacaq. Tabloda göstərilən rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun olduğu halda bilet uduşlu sayılacaq. Tirajın uduş fondu 3 kateqoriya üzrə müəyyən olunub.       

Belə ki, I kateqoriyada elektron tabloda müəyyən edilmiş 3 (üç) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet sahibi 50 (əlli) manat əldə edir.

II kateqoriya üzrə elektron tabloda müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələrsə, bilet sahibi 10 (on) manat qazanır.

III kateqoriyada isə elektron tabloda müəyyən edilmiş nömrələrin son rəqəmi lotereya biletinin seriya nömrəsində qeyd olunan nömrələrin sonuncu rəqəmi ilə uyğun gələrsə, bilet uduşlu sayılır və 5 (beş) manata sahib olur.

Uduşa düşən lotereya biletində kateqoriyalar üzrə yalnız ən iri uduş məbləği ödənilir. Qeyd edək ki, oyunda iştirak edən biletlərin ümumi sayı 999 ədəd təşkil edir. Qaliblər anında xüsusi stendə yaxınlaşmaqla uduş fondunu əldə edə biləcəklər. Bundan başqa, iştirakçılar üçün digər qiymətli hədiyyələr də nəzərdə tutulub.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.





Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024