12px13px15px17px
Tarix:22/02/19

“Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda təlim keçirilib

22 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə İnnovativ Biznes Proqramı çərçivəsində “Virtual Reallıq” texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim keçirilib.
 
 
 
Bu mövzuda ölkəmizdə ilk dəfə keçirilən təlimdə immersiv media texnologiyaları və onların innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, “Virtual Reallıq” (VR) və “Artırılmış Reallıq” (AR) texnologiyaları üzrə nəzəri və praktiki məlumatlar verilib. 
 
 
Təlim iştirakçıları 360° videokontentin çəkilməsi, redaktəsi və internet resurslarda yerləşdirilməsi ilə bağlı əsas bacarıqlara yiyələniblər.
 
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov Fondun informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində startap və İKT şirkətləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırdığını, ölkəmizdə “Virtual Reallıq” texnologiyalarına marağın artırılması və müxtəlif sahələrdə tətbiq edilməsini təşviq etmək üçün müvafiq bacarıqların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
 
 
Təlimi aparan BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin eksperti Mohamed Es Fih “Virtual Reallıq” texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi imkanları barədə geniş məlumat verib.
 
 
 O bildirib ki, son illər dünyada ən çox investisiya qoyulan texnologiyalardan biri də “Virtual Reallıq” texnologiyasıdır. Qlobal şirkətlərin iştirakı ilə böyük bazar payına sahib olan “Virtual Reallıq” texnologiyaları bütün dünyada sürətlə yayılmaqda və istifadə olunmaqdadır. “Google”, “Samsung”, “Sony”, “HTC” kimi dünyanın nəhəng İKT şirkətləri VR texnologiyalarını səhiyyə, müdafiə, avtomobil və oyun sənayesi, təhsil, daşınmaz əmlak, arxitektura, mühəndislik, inşaat və digər sahələrdə tətbiq edirlər.
 
 
Xatırladaq ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun “İnnovativ Biznes Proqramı” innovativ biznes qurmaq və inkişaf etdirmək arzusunda olan startaplar, kiçik və orta sahibkarlara dəstək olmaq məqsədi daşıyır.
 









Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024