12px13px15px17px
Tarix:12/03/19

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 11-15 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”nin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat təlimi təşkil edilib.

Təlimin məqsədi “ISO/IEC 27001 – “İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir. Təlimdə standartın bütün tələblərini öyrətməklə yanaşı, təşkilatlarda bu standartı tətbiq etmək məqsədi ilə vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcək.

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov təlimin ilk günündə açılış nitqi ilə çıxış edərək, müasir dövrdə informasiya təhlükəsizliyi sahəsinin inkişafı və bu sahə üzrə mütəxəssislərin beynəlxalq standartların tələblərini bilməsinin çox vacib olduğunu vurğulayıb. O, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin yerli kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət ayırmasından və bu sahə üzrə müxtəlif  istiqamətlərdə təlimlərin təşkil olunmasından bəhs edib.

Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev isə bildirib ki, rəqabətədavamlı məhsulların və keyfiyyətli xidmətlərin istehlakçılara təqdim edilməsi, müəssisənin rentabelli olması birbaşa onun personalının səriştəliliyi ilə şərtlənir.

“Bu faktor nəzərə alınmaqla, bütün dünyada beynəlxalq standarta uyğun olaraq, personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda işçi heyəti öz peşə fəaliyyəti üzrə bilik və bacarıqlarını inkişaf etdirmiş olur”.

S.Əliyev qeyd edib ki,  personalın sertifikatlaşdırılması təşkilata öz mütəxəssislərinin səriştəliliyini müəyyən etməyə imkan verir.

Sözügedən təlim Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Eğitim Mərkəzi"nin rəhbəri və peşəkar təlimçisi Halil Çelik tərəfindən aparılır. H.Çelik məlumat verib ki, təlimlərin sonunda keçiriləcək beynəlxalq imtahan nəticələrinə əsasən, iştirakçılara Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınacaq sertifikatlar veriləcək.

“Bu imtahanı uğurla verən yerli mütəxəssislərə “ISO 2700”  standartının tətbiqi üzrə baş auditor sertifikatı təqdim edəcəyik”, - deyə peşəkar təlimçi vurğulayıb.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”ndə keçirilən təlim martın 16-na dək davam edəcək.
 
 











Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024