12px13px15px17px
Tarix:12/03/19

“Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib

12 mart 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində “Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib.

Startaplar, yerli və beynəlxalq İKT şirkətləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir blokçeyn (blockchain) texnologiyasının yaranması və inkişaf perspektivləri, onun innovativ sahibkarlıq fəaliyyətində tətbiqi mövzularını əhatə edib.

İnnovativ sahibkarlıqda tətbiq olunan blokçeyn texnologiyası yeni nəsil innovasiya xidmətləri infrastrukturunun əsasını təşkil edəcək mühüm texnologiyalardan biri hesab olunur. Son illər bir sıra inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda bu texnologiyaya maraq sürətlə artmaqdadır.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib ki, Fond innovativ sahibkarlıq fəaliyyətində yüksək texnologiyaların tətbiqinin təşviqinə xüsusi diqqət ayırır, startaplar və İKT şirkətləri üçün müxtəlif tədbirlər və proqramlar həyata keçirir. A.Bayramov qeyd edib ki, blokçeyn texnologiyası innovativ sahibkarlıq və biznes proseslərinin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması, təhlükəsizliyi və sürətləndirilməsi məqsədilə istifadə olunur.

“Blokçeyn texnologiyasına əsaslanan kriptovalyutaların yaranması və getdikcə genişlənən tətbiqi son illərin mühüm trendlərindəndir. Blokçeyn texnologiyası təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur”.

O bildirib ki, artıq ölkəmizdə də həm özəl, həm dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqinə başlanılıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb və Agentliyin Nizamnaməsi təsdiq edilib.

O, İnnovasiyalar Agentliyinin innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kreditlə  maliyyələşdirən, ümumilikdə, innovasiya təşəbbüskarlığını təbliğ edən bir qurum olacağını diqqətə çatdırıb. “Bu xüsusda, yerli sahibkarlıq subyektlərinə texnoloji həllərin transferində yardım göstərən Agentlik blokçeyn texnologiyasının təşviqini də diqqətdə saxlayacaq”- deyə şöbə müdiri əlavə edib.
Seminarda ölkəmizdə blokçeyn texnologiyalarının tətbiqi ilə həyata keçirilən və planlaşdırılan layihələrin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
 
 

















Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024