“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək
“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kosmik Agentliyinin (NASA) insanların Aya qayıdışı üzrə “Artemis” proqramı çərçivəsində yeni mühəndislər qrupu yaratmaq niyyətindədir. “Blue Origin” mütəxəssisləri iki astronavta Yer peykinin səthinə enməyə imkan verəcək “Human Landing System” enmə sisteminin hazırlanması ilə məşğul olacaqlar.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Aya ilk dəfə enən insan amerikalı Nil Armstronq olub. Bu, 50 il əvvəl – 20 iyul 1969-cu ildə “Apollo 17” kosmik gəmisinin ekspedisiyası zamanı baş verib. Aya sonuncu – altıncı eniş 1972-ci ildə edilib.
Agentliyin yeni “Artemis” proqramının məqsədi 2024-cü ildə Aya ilk qadın və növbəti kişi kosmonavtın göndərilməsidir. 2028-ci ildən sonra orada istismar müddəti 15 il təşkil edən daimi bazanın tikintisi planlaşdırılır.
“Blue Origin” ilə yanaşı, “NASA”ya üç digər özəl şirkət – “Lockheed Martin”, “Northrop Grumman” və “Draper” kömək edir. Hər tərəfdaşın öz rolu var. “Blue Origin” sistemlərin layihələndirilməsi ilə məşğul olacaq və “Blue Moon” endirilmə aparatı üçün “BE-7” mühərrikini təqdim edəcək, eləcə də missiyanın təhlükəsizliyi və təmini üçün məsul olacaq.
“Lockheed Martin” və “Northrop Grumman” enmə elementlərinin yaradılmasında iştirak edəcək, “Draper” isə kosmik aparatın enməsi zamanı idarəetməyə və göyərtə cihazları sisteminə cavabdeh olacaq.
C.Bezos Beynəlxalq Kosmonavtika Konqresində (IAC) çıxışı zamanı bildirib ki, “Northrop Grumman” hazırda Beynəlxalq Kosmik Stansiyaya yüklərin daşınması ilə məşğul olan ilk endirmə aparatını hazırlayıb, “Lockheed Martin” isə faktiki olaraq Mars səthinə enməyə imkan verən yeganə şirkətdir.
Bununla yanaşı, “Blue Origin” ilk kosmik turistlərin göndərilməsinə hazırlıqları davam etdirir. Fevralda C.Bezos bildirib ki, 2019-cu ildə suborbital uçuşlar üçün özündə kosmik gəmi və birpilləli çoxdəfəli raketi birləşdirən “New Shepard” sisteminin kommersiya buraxılışına başlanılacaq.
Qeyd edək ki, “Artemis” proqramı üç mərhələdən ibarət olacaq: “Orion” kosmik gəmisinin Ay ətrafına pilotsuz sınaq uçuşunu və onun Yerə dönməsini nəzərdə tutan birinci missiya (Artemis 1) 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İkinci mərhələ (Artemis 2) – Yerin təbii peykinə pilotlu uçuş 2022-ci ilə planlaşdırılır. Missiyanın üçüncü mərhələsində (Artemis 3) astronavtların 2024-cü ildə Aya enməsi, 2030-cu illərin ortalarında isə onların Marsa göndərilməsi nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 895
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet