12px13px15px17px
Tarix:06/11/19

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

1926-cı ilin 6 noyabr tarixində Bakı şəhərində ilk radiostansiya qurularaq istismara verilib. Nəticədə 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə Respublikada ilk dəfə 891 kHs tezlikdə radioproqram efirdə yayımlanıb.
 
O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olub. Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radio proqramı orta dalğada yayıma başlayıb. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilib.
 
Polad bloklardan yığılmış 180 m-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.
 
1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionundan canlı yayım həyata keçirilib.
 
1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.
 
İlk dəfə 1997-ci ildən I “Respublika” və “Araz” radio proqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.
 
1980-cı ildən başlayaraq televiziya proqramlarının peykdən qəbul sistemlərinin tətbiqinə başlanılıb və Moskva tipli kosmik qəbul stansiyası istismara verilib.
 
1992-ci ildə Bakı və Ankara arasında və müxtəlif peyklərdən istifadə edilməklə Azərbaycan Respublikasının bir çox ölkələrlə birlikdə peyk rabitə sistemi təşkil olunub.
 
1996-cı ildə “AzTV1”, I “Respublika” və “Araz” dövlət proqramları əvvəlcə “Türksat” 1C 420 peyki üzərindən, 2003-cü ildən isə alternativ olaraq Sesat 360 peyki üzərindən yayımı təşkil edilib. Elə bu vaxtdan respublika ərazisinin bütün yaşayış məntəqələrinin dövlət radio-televiziya proqramlarının, həmçinin Avropa, Asiya və Yaxın Şərq dövlətlərində bu proqramın peykdən qəbul imkanı yaradılıb.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub. Bu proqrama əsasən, ölkə ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar müvafiq tədbirlər görülüb.
 
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumilikdə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.
 
Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi rəqəmli TV yayımla əhatə olunub.Respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsi ilə 13 ümumrespublika radioproqramı FM diapazonunda yayımlanır.
 
2012-ci il tarixində Bakı Teleqüllə Kompleksinin 200 m. hündürlüyündə quraşdırılmış, 5 kVT gücündə HD radioverici vasitəsi ilə Bakı şəhərində ilk dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosu ilə “İctimai” radionun HD formatlı yayımı həyata keçirilib.
 
Respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmli yəre konstruksiyası işləri çərçivəsində “Teleradio İB” Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdırıb və istismara verib.
 
2016-cı ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb.
 
Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.
 
Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir.
 
Cenevrədəki Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB Forumu”nun məlumat bazasında və https://www.worlddab.org rəsmi internet informasiya ehtiyatında Azərbaycanda DAB+ standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar yerləşdirilib. Belə ki, Avropanın aparıcı dövlətlərinin də yer aldığı və cəmi 27 ölkənin adı olduğu siyahıya Azərbaycanın da adı daxil edilib.





Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024