12px13px15px17px
Tarix:07/11/19

Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi və "Microsoft" şirkətinin təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik" mövzusunda seminar keçirilib.

Seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub.  Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. "Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır",- deyə nazir bildirib.

Ramin Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması  ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. "Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında "Əqli mülkiyyətin qorunması" alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur".

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, ölkəmizin beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları  üçün "Microsoft" şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. "Bu məqsədlə 2018-ci ildə "Microsoft" şirkəti ilə 3 illik  müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 20 000 ədəd Windows əməliyyat sistemi, 20 000 ədəd Microsoft Ofis və 100 ədəd server lisenziyaları əldə edilmişdir. Layihə üzrə Microsoft lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılmışdır".
 
43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir  bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3  portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti  portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

Ramin Quluzadə həmçinin qeyd edib ki, "Microsoft" şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "AzİnTelecom" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, AzCloud bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün "Microsoft" məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə  və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger çıxışı zamanı bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. "Lisenziyasız proqramlardan istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır"-deyə səfir məlumat verib. 

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək, ölkəmizdə əqli mülkiyyət sahəsindəki problemlər və atılacaq addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icarası üzrə Amerikalı mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.
Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri  ilə davam edib.















Baxış sayı: 1068

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024