12px13px15px17px
Tarix:27/11/19

İnternetin yaradıcısı "rəqəmli antiutopiya"dan xilas olma planını təqdim edib

İnternetin ixtiraçılarından biri və “W3C”nin (Ümumdünya Hörümçək Toru Konsorsiumu) direktoru Tim Berners-Li interneti siyasi manipulyasiyalar, saxta xəbərlər, məxfiliyin pozulması və başqa təhlükələrdən xilas edə biləcək bir plan açıqlayıb. Bunun üçün britaniyalı alim cəmiyyətin üzvlərinə öz aralarında "İnternet üçün müqavilə" bağlamağı təklif edib.

 

"Mən düşünürəm ki, insanların internetdə baş verənlərdən qorxması səbəbsiz deyil” – Berners-Li “The Guardian” nəşrinə deyib. – “Biz internetin vəziyyətini indi olduğu kimi saxlasaq, daha pis ola bilər. Biz mövcud vəziyyəti dəyişməsək, rəqəmli antiutopiyada ola bilərik".

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, 1 ildən çox müddət ərzində 80 mütəxəssis alimin layihəsi üzərində işləyib. “World Wide Web Foundation” adından dərc edilmiş bu sənədi artıq 150-dən çox təşkilat dəstəkləyib: “Microsoft”, “Twitter”, “Google”, “Facebook”, “Electronic Frontier Foundation” (EFF) və sairə.

 

"İnternet üçün müqavilə"də hökumət, özəl şirkətlər və adi vətəndaşlar üçün 9 prinsip müəyyənləşdirilib. Bu prinsiplərin ümumi mənası interneti sui-istifadələrdən qorumaq və onu bəşəriyyətin xeyri naminə istifadə etməkdir.

 

Müqavilə hökumətlərdən hər bir vətəndaşın internetə qoşulma ilə təmin edilməsini, onun əlçatanlığının daima dəstəklənməsini, həmçinin hər bir vətəndaşın fərdi məlumatlarının məxfilik və bütövlük hüququnun qorunmasını və hörmət edilməsini tələb edir. Berners-Li deyir ki, insanlar istənilən vaxt fərdi məlumatlarının işlənməsindən imtina etmək imkanına malik olmalıdırlar.

 

Etibarlı mühitin yaradılması üçün özəl şirkətlərdən məxfilik sazlamalarını sadələşdirmək və fərdi məlumatları “vahid pəncərə”dən idarə etməyə imkan verəcək alət yaratmaq tələb olunur. Təşkilatlar yeni məhsulların hazırlanması zamanı məhdud imkanlı insanların və milli azlıqların dilində danışanların maraqlarını nəzərə almalıdırlar.

 

Berners-Li adi internet istifadəçilərini keyfiyyətli, aktual və etibarlı məzmun müəllifləri rolunda çıxış etməyə, müzakirəyə açıq onlayn cəmiyyətlər yaratmağa, həmçinin internetin indi və gələcəkdə açıq və qlobal ictimai resurs kimi qalması uğrunda mübarizə aparmağa səsləyir".

 

Emil Hüseynov





Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024