12px13px15px17px
Tarix:03/12/19

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb

Bu gün Bakı Ekspo Mərkəzində "Bakutel 2019" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.

 

Sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb. "İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır",- deyə nazir vurğulayıb.

 

Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. "Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir".


Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.


Nazir vurğulayıb ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq dövlət başçımız tərəfindən "Hökumət buludu" Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır.


Ramin Quluzadə çıxışının sonunda "Bakutel 2019" 25-ci Yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Cao "Bakutel" sərgisində dəfələrlə iştirak etdiyini qeyd edərək, Azərbaycanda keçirilən sərginin bu regionun ən ardıcıl və daimi tədbiri olduğunu bildirib. Ölkədə İKT sektorunun inkişafı iqtisadiyyatın prioritet sahələrindən biridir və bu gün sektorun böyük nailiyyətlər əldə etdiyini, eləcə də xarici investisiyaların cəlb olunduğunu deyə bilərik. Bu sərgi sözügedən faktı təsdiq edir.

Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

 

Yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. 11 ölkə tədbirə Milli pavilyonla qatılıb.

 

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün "ağıllı" həllər təklif olunur.

 

"Bakutel" sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: "İnnovasiyalar zonası" və "Təqdimatlar zonası" daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.

 

Tədbir çərçivəsində "Forbes" jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.

 

4-5 dekabr tarixlərində "Bakutel Tech Talks" Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.

 

"Bakutel 2019" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. "Azərpoçt" MMC, "Aztelekom" MMC, "AzInTelecom" MMC, "Azərmarka" MMC, "Baktelecom", Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçilir.

 

"Azərpoçt" MMC-nin stendində yeni "Postman" xidməti təqdim olunur. "Android" sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.

 

"Azərpoçt"un digər yeniliyi "Postpay" – elektron pul kisəsidir. "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.

 

Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz "Bakutel 2019" çərçivəsində keçiriləcək.

 

"Aztelekom" MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və SAF – internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.

 

"AzInTelecom" MMC öz stendində "Hökumət buludu" layihəsini, yeni məhsullarını və layihələrini təqdim edir. Eyni zamanda, "SaaS ili" (proqram təminatı xidmətləri) çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Bundan əlavə, Yevlaxda ehtiyat Data Mərkəzi, "Azcloud Hackathon" yarışması, "Azcloud Kinetic" əməkdaşlıq proqramı haqqında gələcək planlar açıqlanacaq. Sərgi çərçivəsində "AzInTelecom" stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin "Azcloud MeetUp" adlı emalatxanası yaradılıb. İnteraktiv emalatxana çərçivəsində əsasən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları təşkil olunur.

 

"Baktelecom"a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən "Evədək optika" layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən "Simsiz rabitə" şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat verilir.

 

"Baktelecom" GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının imkanlarından yararlanaraq "Evədək optika" layihəsi çərçivəsində müştərilərə bir optik xətt üzərindən telefon rabitəsi, internet və rəqəmsal televiziya xidmətlərini təklif edir. Qurum Bakı və ətraf ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə imkan yaradan yeni nəsil "Simsiz rabitə" şəbəkəsi olan LTE – (Long Term Evolution) texnologiyasını tətbiq edir.

 

"ViTv" – "Baktelecom" internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən müasir IPTV (İnternet Protokol Televiziyası) texnologiyası ilə müştərilərə rəqəmsal televiziya xidmətini təqdim edir.

 

Mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan "Virtual ATS" xidməti də sərgi iştirakçılarına təqdim olunur.

 

"Azərmarka" MMC öz stendində "Azərbaycan. Naxçıvan", "Azərbaycan", "Mənim Bakım" və "Azərbaycan 100 il. 1918-2018" markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, "Naxçıvan", "Bakı" və s. mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər nümayiş etdirir.

 

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik reyestri, Vahid radioelektron vasitələrin reyestri barədə ətraflı məlumat əldə etmək mümkündür. İnnovasiyalar Agentliyi "Bakutel 2019" sərgisində bir sıra maraqlı stendlərlə ziyarətçiləri sevindirir.

 

"Startup Avenue" stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim edilir. Ziyarətçilərə "FinTech", "GreenTech", "DronTech", "MedTech", "DefenseTech" istiqamətləri üzrə innovativ layihələr nümayiş olunur. Eyni zamanda, İnnovasiyalar Agentliyinin "Hybrid Startups" proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasındadır. Ziyarətçilər "Startup Grind Baku" stendi ilə yaxından tanış olmaq imkanı əldə edirlər. "Silikon Vadisi"ndə yaradılan "Startup Grind" hərəkatı – 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. "Startup Grind Baku Hub"ın əsas tərəfdaşlarından biri məhz İnnovasiyalar Agentliyidir.

 

Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən "Barama" Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala bilirlər. Bundan əlavə İnnovasiyalar Agentliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşürlər. Kurslar "Mars Academy", "Engineering for Kids", AREA tərəfindən təşkil olunur.

 

"I2B Village" stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, "Azercell" və "Microsoft" şirkətləri tərəfindən birgə reallaşdırılan "İ2B – İdeyadan Biznesə" layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirirlər.

 

Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunur. 20-dən çox interaktiv və əyləncə zonasında, "VR Zone", "Game Zone" və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edirlər.

 

Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunur.

 

· Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu Pepper humanoid

 

· Robot balıqlar

 

· Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur Robot rəssam

 

· Taktiki hərbi kəşfiyyat robotu Spider

 

· Müxtəlif Sumo, Güləş və Dron yarışları

 

· Kosmo zonası

 

· 6 metrlik uçan astronavt

 

· Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu Robot TEOTRONİCO

 

Məlumat Hesablama Mərkəzinin stendində "Elektron imza (Bulud əsaslı imza, Toplu imza)", "AzDoc" sənəd dövriyyəsi proqramı, "e-kadr", "SmartCell" üz tanıma texnologiyası (Face ID), "Azcall" Çağrı Mərkəzi, "SmartPay" ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunur.

 

Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.

 

Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinalarda iştirak edir və MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılır.

 

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı Karbon Nano Borular yeni nəsil su texnologiyasında, birdivarlı Karbon Nano Borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikro ölçülü fosforlar nümayiş olunur. Həmçinin sərginin ziyarətçiləri Azərbaycanda "Chip" texnologiyasının tam olaraq yaradılmasına xidmət edən GSM/GPRS xidmətlərindən istifadə edərək "smart"laşmaya gətirib çıxaracaq GaN/KNB/saffir strukturlu LED və nano-bio-sensorların aktiv sahəsi ilə tanış ola bilirlər.

 

Bu, müasir elmi istiqamət olaraq çox aktualdır. Bu struktur əsasında effektivliyin 12 faiz artımına nail olunub.

 

Sərgidə "İnternet of Things (İoT) Projects" adlı xüsusi stend fəaliyyət göstərir. Stenddə "Əşyaların interneti" üzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilir. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar "İoT" məhsullar vardır.

 

Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və "Microsoft Azərbaycan" şirkətinin "İoT Laboratoriya"sının ilk təcrübə proqramının layihələri təqdim olunur.

 

Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib.

 

Açılışını Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao edəcək tədbirdə Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır.

 

Konfransda "Əşyaların interneti" üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

 

"Bakutel 2019" sərgisi çərçivəsində həyata keçirilən sosial layihələrdən biri də "Danışan məktub" bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyi tərəfindən filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

 

Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanacaq. Qeyd edək ki, tədbirin məhz 3-6 dekabrda baş tutacaq "Bakutel 2019" çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.







 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı: 1368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024