12px13px15px17px
Tarix:18/12/19

“Dövlət idarəçiliyində böyük həcmli məlumatlar (Big Data)” mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "McKinsey" məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə "Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni "Big Data" mövzusunda seminar keçirilib.

Seminar dövlət idarəçiliyində böyük həcmli məlumatların tətbiqi, onların idarə olunması, qərar qəbuletmə prosesində əhəmiyyəti, həmçinin dövlət qurumları tərəfindən göstərilən  xidmətlərin vətəndaşlara təmassız və çevik şəkildə təqdim edilməsi ilə bağlı mövzulara həsr olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Rəqəmli inkişafın ölkəmizin müasir dövrünün başlıca məsələlərindən olduğunu deyən nazir müavini yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. "Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən data mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq. 2015-ci ildən ölkəmizdə "Açıq məlumatlar" portalı fəaliyyət göstərir. Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dən çox açıq məlumatı yerləşdirilib və əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data Mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz töhfəsini verə bilər", – deyə nazir müavini bildirib.

Seminarda, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Data analitikasının əhəmiyyəti, bu sahədə dövlət agentliyinin gördüyü işlər, gələcək planlar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, "ASAN xidmət" yarandığı gündən Data əsaslı qərar qəbuletmənin əhəmiyyətinə xüsusi önəm verilib və belə bir mədəniyyətin formalaşmasına diqqət ayrılıb. Sədr müavini bu cür tədbirlərin Data analitikası ilə bağlı çağırışlara diqqət ayrılması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

 Daha sonra tədbirdə "McKinsey" məsləhətçi şirkətinin nümayəndəsi Sinan Köksoy  çıxış edib. O, böyük həcmli məlumatların, yəni "Big Data"nın analitik təhlili üzrə xarici ölkələrin təcrübə və tövsiyələrinin öyrənilməsi, idarəçilikdə tətbiqi haqqında danışıb. Həmçinin Qabaqcıl Analitika barədə məlumat verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov seminarın panel iclasında "Rəqəmsal inkişafda  "Big Data" mövzusunda təqdimat edib.
 
R.Əzizov rəqəmsal inkişafda Big Datanın rolunu vurğulayaraq qeyd edib ki, rəqəmsal inkişaf ilə bağlı proseslər və tranzaksiyaları böyük həcmli məlumatların təhlilinə əsaslanmadan həyata keçirmək mümkün deyil. "Big Datanın analitik təhlili "Süni intellekt"  və maşınla öyrənmə ilə sıx əlaqəlidir. "Süni intellekt" və maşınla öyrənmə Big Datanın tətbiqini genişləndirir, bu məlumatları xammaldan informasiyaya və biliyə çevirərək dövlətə və biznesə təqdim edir. Buna görə də rəqəmsal inkişaf üzrə hazırlanacaq strateji sənədlərdə "Big Data-"Süni intellekt"-maşınla öyrənmə" modelinin nəzərə alınması məqsədəuyğundur". O,  həmçinin bildirib ki, Big Datanın analitik təhlili çox böyük hesablama gücü tələb edir və əksər dövlət qurumlarında, habelə kiçik və orta sahibkarların  belə imkanları mövcud deyildir. "Hazırda cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində həyata keçirilən "Hökumət buludu" layihəsi və bu infrastruktur Big Data əsaslı xidmətlərin təqdim edilməsinə imkan yaradacaq".
 
"AzInTelecom" MMC-nin direktor müavini Ceyhun Əliyev öz çıxışında bildirib ki, əgər əvvəllər sahibkarlar və ya dövlət qurumları məlumatları arxivlərdə, qovluqlarda saxlayırdılarsa, hazırda bu məlumatlar rəqəmsal məlumat daşıyıcılarına miqrasiya olunur və məlumat həcmi artdıqca bu həcmlərin saxlama sahəsi də böyüməlidir. "Big Data" böyük həcmdə verilənləri öz məntiqi mənasında əks etdirir. Böyük həcmli məlumatların saxlanılması və emalı nəinki böyük həcmdə yaddaş sahəsi, həm də güclü hesablama imkanlarına malik olan infrastruktur tələb edir. "AzInTelecom"un Data Mərkəzi nəzdində fəaliyyət göstərən "Azcloud" bulud xidmətləri məhz bu kimi həlləri təqdim etməklə istifadəçilərin məlumatlarını beynəlxalq standartlara uyğun şəkildə qoruyub saxlamaqla yanaşı, yüksək dayanıqlıq etibarlığına malik olan hesablama imkanlarını təqdim edir.
 
"McKinsey" şirkətinin nümayəndələri Ankit Bisht və Borko Handjiski öz çıxışlarında ən yaxşı dünya təcrübələri barədə məlumat veriblər və dövlət idarəçiliyində böyük həcmli məlumatların istifadəsinin əhəmiyyətini vurğulayıblar.
 
Seminar interaktiv müzakirələrlə davam edib.
 
 
 

 

 

 

 

 

 

 





Baxış sayı: 1503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024