“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib
II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri keçirilib.
Əsas məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə fərdi məlumatların mühafizəsi məsələsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. "Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir" – deyə nazir müavini bildirib.
E.Vəlizadə Avropada fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin 1981-ci ildən həyata keçirilməyə başlandığını qeyd edib. Fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək ölkəmizdə qəbul olunmuş "Fərdi məlumatlar haqqında qanun"un təkmilləşdirilməsi üzərində işlərin aparıldığını, yeni qanun layihəsinin işləndiyini diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlərdən söz açaraq fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb. K.Yankauskas kiberməkanda qaydaların təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində məlumatların, o cümlədən qanunun aliliyinin qorunub saxlanması və s. məsələlərin həllinin Avropa İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu nəzərə çatdırıb. O, "Şərq Tərəfdaşlığı" ölkələri, o cümlədən Azərbaycanla bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edərək, ölkəmizdə həyata keçirilən işləri dəstəklədiklərini bildirib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov 7 il öncə martın 5-də Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətə başladığını qeyd edib. F.Fərmanov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların genişlənməsinə səbəb olur ki, bu da nəticə etibarilə yeni baxışların formalaşmasını tələb edir. O, bu sahədə maarifləndirmənin böyük önəm kəsb etdiyini vurğulayıb.
Daha sonra Avropa Şurası, Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi Peter Kimpian "Konvensiya 108: Qlobal Məlumat Təhlükəsizliyi Standartı" adlı məruzə ilə çıxış edib. P.Kimpian Avropa Şurası tərəfindən bu məsələlərin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb.
"Prosol" QSC-nin Baş texniki direktoru, fərdi məlumatların mühafizəsi üzrə ekspert Kapelushnik Nir məruzə ilə çıxış edib. O bildirib ki, qanun və qaydaların tətbiqi, hökumət tərəfindən maarifləndirmə, fərdi məlumatların mühafizəsində mövcud problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi çox önəmlidir.
Fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis Olga Demian "Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri", İnformasiya texnologiyaları üzrə auditor İlqar Əliyev "Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz", "AİSTGroup" MMC-nin layihə rəhbəri Babək Əliyev "Fərdi məlumatlardan istifadənin təşkili", "Ernst & Young" şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti "Ernst & Young" şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və "GDPR"-a doğru atılacaq addımlar" adlı məruzə ilə çıxış edib.
Baxış sayı: 991
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet