12px13px15px17px
Tarix:11/03/20

Qanadları ən uzun təyyarənin sınaq uçuşları bərpa ediləcək

Qanadları rekord uzunluğa malik “Stratolaunch” təyyarəsinin hazırlanması ilə məşğul olan ABŞ-ın “Stratolaunch Systems” aerokosmik şirkəti 2020-ci ilin sentyabrında “Model 351” adlı hava gəmisinin sınaq uçuşlarının bərpasını planlaşdırır. Bu barədə şirkətin vitse-prezidenti Mark Bitterman bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Stratolaunch” təyyarəsinin təşəbbüskarı “Microsoft” korporasiyasının mərhum həmtəsisçisi Pol Allen olub. “Stratolaunch” uçuş trayektoriyasını effektiv seçməyə və az enerji sərf etməyə imkan verən raket və kosmoplanların buraxılışı üçün “hava startı” sistemi kimi hazırlanıb. İkifüzelyajlı (ikigövdəli) təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən “Stratolaunch” 2019-cu ilin aprelində ilk dəfə havaya qalxıb. Ötən ilin oktyabrında isə “Stratolaunch Systems” şirkətinin sahibi dəyişib.

 

Vitse-prezidentin sözlərinə görə, şirkət tərəfindən “Stratolaunch Model 351” təyyarəsinin uçuşları davam etdiriləcək, lakin bu dəfə ondan raketlərin buraxılışı üçün deyil, şirkət və digər istehsalçılara məxsus atmosfer və suborbital hipersəsli aparatlar üçün daşıyıcı qismində istifadə nəzərdə tutulur.

 

Hazırda şirkət ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) uçuşlar üçün icazə almağa çalışır. Sentyabrda uçuşlar bərpa olunacağı təqdirdə təyyarə ayda ən azı bir uçuş həyata keçirəcək. “Stratolaunch Model 351” təyyarəsindən istifadə ideyasına bir neçə il sonra qayıtmaq planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2024

14 11 2024