12px13px15px17px
Tarix:06/05/20

Azərbaycanda “Azcloud” bulud infrastrukturu əsasında videokonfrans xidmətinin tətbiqinə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin "Azcloud" bulud infrastrukturu sayəsində "servis olaraq videokonfrans" (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz video toplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransının təşkili üçün hazırlıq məqsədilə təməl proses və prosedurlar hazırlandı. Videobağlantı, təhlükəsizlik, videobağlantı zamanı davranış qaydaları və sinxron tərcümə üzrə təlimatlar təmin edildi. "AzInTelecom" xarici ölkə nümayəndələrinin də videotədbirə düzgün qoşulması, dayanıqlı bağlantının yaradılmasını təmin etmək üçün müvafiq ölkələrə xüsusi dəstək göstərdi.

 

Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri, Türk Şurasının Baş katibi, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə ümumilikdə 9 iştirakçıdan ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq səviyyədə videokonfransı da dayanıqlı və şifrli bağlantı üzərindən baş tutdu.

 

"AzInTelecom"un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş Türk Şurasına üzv dövlətlərin səhiyyə və nəqliyyat sahəsi üzrə nazirlərinin videokonfransında da davamlı və keyfiyyətli canlı bağlantı yaradıldı, bulud texnologiyaları əsasında görüş keçdi.

 

​Qeyd edək ki, "AzInTelecom"un TIER III beynəlxalq sertifikatına malik Data mərkəzi əsasında yaradılmış "Azcloud" bulud xidmətlərinin "Cisco" videokonfransı üzərindən bulud həlləri, tam rezervlənmə, dayanıqlı və şifrli bağlantı sayəsində birinci videokonfransı ilkin pandemiya dövründə təşkil olunub və 80-dən artıq ölkənin ​ beynəlxalq səviyyəli videokonfransları izləmə imkanı yaradılıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC-nin infrastrukturunun keyfiyyəti, etibarlılığı və davamlılığı, eləcə də kvalifikasiyalı işçi heyəti sayəsində qurumun nəzdində yaradılmış "Azcloud" istənilən digər videotədbirlərin keçirilməsinə hazırdır və ən qısa zamanda qüsursuz həll yolları təmin edə bilir.

 

Qeyd olunan beynəlxalq səviyyəli tədbirlərin gedişatının həm ən ciddi xüsusi təhlükəsizlik standartlarına cavab verəcək şəkildə şifrlənməsi, həm də canlı rejimdə yüksək keyfiyyətli yayımı təmin olunur. Təhlükəsiz bulud həlləri, videokonfransların təşkilində püxtələşmiş "AzInTelecom" artıq qitələrarası səviyyədə beynəlxalq görüşün keçirilməsində böyük rol oynayır. Məhz şirkətin yüksək keyfiyyətli xidmətləri və peşəkar işçi heyəti sayəsində videokonfranslarda qüsursuz bağlantı yaradılır və bu da videotədbirlərin uğurla nəticələnməsinə səbəb olur.

 

Şirkət 24/7 rejimində çalışan texniki dəstək xidmətinin fəaliyyəti ilə nəinki lokal, hətta beynəlxalq səviyyədə yüksək səviyyəli dəstək xidmətini göstərməyə malikdir.





Baxış sayı: 1372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024