12px13px15px17px
Tarix:09/10/20

Populyar “Nokia” smartfonu “Android 10” sistemi ilə təchiz edilib

“HMD Global” şirkətinin baş direktor müavini Yuho Sarvikas “Twitter” sosial şəbəkəsindəki səhifəsində “Nokia 3.1” smartfonu üçün “Android 10” əməliyyat sisteminin sonuncu stabil versiyasının buraxılmasını rəsmən bəyan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, hazırda sonuncu “Android” versiyası dünyanın əksər ölkələrində yayılsa da, yeniləmə mərhələli şəkildə həyata keçirilir. Tərtibatçıların sözlərinə görə, yeniləmə oktyabrın 10-dək smartfonların 50 faizinə, oktyabrın 12-dək isə 100 faizinə quraşdırılacaq.

 

“Nokia 3.1” istifadəçiləri yeni əməliyyat sisteminin bütün xüsusiyyətlərindən, o cümlədən yeni interfeys, ümumi sistem tünd rejimi, intellektual cavablar, jestlər əsasında yeni naviqasiya sistemi və s. təkmilləşdirilmiş imkanlardan yararlana biləcəklər. Bundan başqa, proqram təminatının tərkibinə “Android” əməliyyat sisteminin oktyabr təhlükəsizlik sistemi yeniləməsi daxil edilib.

 

Qeyd edək ki, 2018-ci ilin mayında buraxılan “Nokia 3.1” smartfonu 1440 x 720 piksel təsvir ölçülü qoruyucu “Gorilla Glass” şüşəsi ilə örtülən 5,2 düym diaqonallı ekran, “MediaTek MT6750” birkristallı sistemi, 2 və ya 3 giqabaytlıq operativ yaddaş və 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 13 və 8 meqapiksel təsvir ölçülü kamera, eləcə də 2990 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024