12px13px15px17px
Tarix:15/03/21

“Huawei” tədarükçülərinə qarşı yeni sanksiyalar tətbiq edilib

ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinin "Huawei" şirkətinin əsas tədarükçülərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyaların sərtləşdirilməsi tərəfdaşlara Çin istehsalçısını mobil qurğular üçün komponent hissələri ilə təmin etməyə imkan verən əvvəlki lisenziyaların şərtlərinin dəyişdirilməsini nəzərdə tutur. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti." resursuna istinadən yazır ki, ABŞ Ticarət Nazirliyi informasiyanın məxfiliyini əsas gətirərək məsələyə münasibət bildirməkdən imtina edib.

 

Bildirilir ki, "Huawei" şirkəti casusluq və Çinin xüsusi xidmət orqanları ilə əlaqənin olması şübhəsi ilə 2019-cu ilin mayından ABŞ sanksiyaları altındadır. Bu il qadağanedici tədbirlər səbəbindən şirkət smartfonların istehsal həcmini təxminən 2 dəfə azalda bilər. Bundan başqa, guya "P" və "Mate" adlı premium brendlərin mümkün satışı müzakirə olunur. "Huawei" bu planları rəsmən təkzib edir.

 

ABŞ ixrac nəzarəti qaydalarına görə, ABŞ texnologiyalarının cəlb edilməsi ilə hazırlanan məhsul "Huawei" şirkətinə yalnız xüsusi lisenziyanın mövcudluğu halında tədarük edilə bilər. Məlumata görə, yanvarda ABŞ Ticarət Nazirliyi "Huawei" tərəfdaşlarına nominal dəyəri 119 milyard dollar təşkil edən 116 ixrac lisenziyasının verilməsindən imtina edərək yalnız 20 milyon dollar məbləğində olan dörd lisenziyanı təsdiq edib. Əsasən yaddaş modulu, mobil qurğular və şəbəkə avadanlığının tədarükü ilə əlaqədar müraciətlər rədd edilib.

 

Ötən həftə əvvəllər verilmiş lisenziyaların şərtləri sərtləşdirilib. Məsələn, yaddaş mikrosxemlərinin maksimal sıxlığı 6 giqabitlə məhdudlaşdırılıb. Bundan əlavə, ixracdan əvvəl "Huawei" və onun tərəfdaşları ABŞ hakimiyyətinin sorğusu əsasında detalların planını tərtib etməli, eləcə də inventarlaşdırma qeydlərini təqdim etməlidirlər.

 

Agentliyin məlumatına görə, yanvarda ümumi dəyəri 296 milyard dollara bərabər 300-ə yaxın müraciət baxılmasını gözləyib. Nə qədər müraciətin təsdiq edilməsi barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024