12px13px15px17px
Tarix:12/01/12

Azərbaycanlı mütəxəssislər Mona Lizanın kimliyini biometrik identifikasiya sistemlərinin köməyi ilə öyrənib?

Məşhur italyan rəssamı Leonardo da Vinçinin əsrarəngiz “Mona Liza” əsərinin qəhrəmanının kimliyi ilə bağlı gəzən söz-söhbətlər hələ də səngimək bilmir.

Əsərdə kimin təsvir olunması ilə bağlı mübahisələr artıq 500 ildən çoxdur ki, aparılır. Müasir dövrdə informasiya texnologiyalarının geniş imkanları çox güman ki, incəsənət aləmində aparılan bu mübahisələrə son qoyulmasına əhəmiyyətli töhfəsini verəcək.
 
Belə ki, bəzi tədqiqatçılar 1503-1506-cı illərdə yaradılan əsərin Leonardonun özünün avtoportreti olduğunu fərz edirlər. Mütəxəssislər hesab edirlər ki, rəssam portreti öz simasına qadın cizgilərini əlavə etməklə ərsəyə gətirmişdir.

Həqiqətən də, əgər Mona Lizanın təsvirində saçlar götürülərsə, bu, cinsiyyəti məlum olmayan simanı xatırladacaq.

Leonardonun Mona Lizanın obrazında özünü təsvir etməsi ilə bağlı elmi fərziyyəni Bell Lebs laboratoriyasından kompyuter qrafikası və kompyuter incəsənəti üzrə mütəxəssis Lilian Şvarts və Londonun Modsli klinikasından Diqbi Kvesti təsdiq ediblər.

Onlar xüsusi kompyuter proqramlarının köməyi ilə “Mona Liza”nın və Leonardonun ahıl yaşlarında çəkilmiş avtoportretini müqayisə ediblər. Nəticə böyük maraqla qarşılanıb. Mona Liza dahi ustadın güzgü əksi kimi təsvir olunub.

Hər iki simanın demək olar ki, bütün cizgiləri, xüsusilə də burun,dodaq və gözlər ideal dərəcədə bir-birinə uyğun gəlib.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunda da fotoportret əsasında insan sifətinin tanınması problemi üzərində uzun illərdir ki elmi tədqiqatlar aparılır. İnstitutun şöbə müdiri f.-r.e.n. Tofiq Kazımov və sektor müdiri Şəfəqət Mahmudova bu sahədə əldə etdikləri elmi nəticələr əsasında fotoportret üzrə insan sifətinin antropometrik nöqtələrinə uyğun biometrik identifikasiya sistemi yaratmışlar.
 
Bu proqram təminatı sistemə daxil edilən hər hansı bir şəxsin fotoportretini bazada olan digər şəxslərin fotoportretləri ilə müqayisə edərək ona daha çox bənzəyən simaları seçə bilir.

Müəlliflər tərəfindən sınaq məqsədilə Mona Lizanın və Leonardo da Vinçinin müxtəlif illərdə çəkilmiş portretləri sistemin verilənlər bazasına daxil edilmişdir. Sistem vasitəsilə iki variantda identifikasiya prosesi aparılmışdır.

I variantda Mona Lizanın portreti tanınma üçün sistemə daxil edilərək bazada olan digər fotoportretlərlə müqayisə edilmişdir. İlkin olaraq ən cox oxşar olan portret Mona Lizanın (100%), sonra isə Leonardo da Vinçinin portreti (99,5%) olmuşdur.

II variantda isə tanınma üçün sistemə rəssamın portreti daxil edilmişdir. Bu halda 1-ci yerdə daha çox oxşar portret Leonardo da Vinçinin öz portreti (100%), 2-ci yerdə Mona Lizanın portreti (99,5%) olmuşdur.
 
Göründüyü kimi, digər yüksək texnologiyalarla yanaşı biometrik identifikasiya sistemləri bu gün istənilən sahədə məşhurların kimliyinin təyin olunmasında, xüsusən də əsrlərlə bəşəriyyətə naməlum qalan müəmmalı sirlərin açılmasında və s. mühüm rol oynayır.

Müasir informasiya texnologiyalarının geniş imkanları onu deməyə əsas verir ki, yaxın gələcəkdə müəmmalı məqamlara aydınlıq gətirilməsində artıq heç bir çətinlik olmayacaq.

Əgər bu kimi proseslərə uzun illər sərf edilirdisə, həm də nəticələrin dəqiqliyinə heç bir zəmanət verilmirdisə, müəyyən zaman kəsiyindən sonra bu problemlər də öz uğurlu həllini tapacaq.
 




Baxış sayı: 2009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024