12px13px15px17px
Tarix:25/01/19

Elektron tullantıların yalnız 20%-i təhlükəsiz şəraitdə emal edilir

Hər il tərkibində toksik maddələr olan təxminən 50 milyon ton kompüter, televizor, noutbuk, oyun konsolları, mobil telefon və başqa məişət elektronikası atılır. Elektron tullantıların yalnız 20%-i rəsmən lazımi şərtlər daxilində emal edilir. Digər tullantılar zibilliyə tullanılır və ya sağlamlıq üçün zərərli şəraitdə utilizasiya edilir.
 
Bu haqda yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına təqdim edilmiş hesabatda deyilir. Hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə müəssisəsi, həmçinin BMT Universiteti tərəfindən hazırlanıb. Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, 2050-ci ilə elektron tullantıların həcmi təxminən 3 dəfə artaraq 120 milyon ton təşkil edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, BMT-nin ekspertləri dəfələrlə sıradan çıxmış elektronika qurğularının lazımi qaydada utilizasiya edilməsinə səsləyiblər. Amma 2018-ci ildə elektron tullantıların yalnız 20 faizi lazımi normalara riayət edilməklə emal edilib. Milyonlarla vətəndaş onları qeyri-leqal qaydada utilizasiya edir və ya təhlükəli şəraitdə yenidən emal edir. Yalnız Çində belə vətəndaşların sayı 600 mindən çoxdur.
 
BMT-nin nümayəndələri iş adamları və siyasətçiləri elektron tullantıların təhlükəsiz şəkildə emal edilməsinin təşkili üçün qətiyyətli tədbirlər görməyə səsləyiblər. Onlar bu məqsədlə yeni texnologiyalardan daha aktiv istifadə etməyi tövsiyə ediblər. Ekspertlər əmindirlər ki, elektron sektorda düşünülmüş siyasət milyonlarla iş yerinin yaradılmasına səbəb ola bilər.
 
Bundan başqa elektron tullantıların emalı iqtisadi cəhətdən xeyirlidir. Mobil telefon, kompüter və başqa elektron qurğuların istehsalında qızıl, gümüş, platin və başqa qiymətli metallardan istifadə edilir. Ekspertlərin qiymətləndirməsinə görə, ötən il zibilliyə atılmış qiymətli materialların dəyəri 62,5 milyard dollar təşkil edib ki, bu da əksər dünya ölkələrinin ÜDM-si ilə müqayisə edilə bilər. Ekspertlər bildiriblər ki, 1 ton elektron tullantından əldə edilən qızıl 1 ton qızıl filizindən 100 dəfə çoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024