Azərbaycanda ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq
Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) Azərbaycanda elektron xidmətlər sahəsində və daşınmaz əmlak sektorunda həyata keçirilən ən mühüm layihələrdən biri – “Ünvan Reyestrinin İnformasiya Sistemi”nin (ÜRİS)yaradılması ilə bağlı təqdimat keçirilib.
Fevralın 28-də baş tutan tədbirin keçirilməsində başlıca məqsəd Azərbaycanda ÜRİS-in yaradılması və bu layihənin uğurla həyata keçirilməsində maraqlı tərəflərin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də iş prosesində birgə fəaliyyətə və dəstəyə nail olunmasıdır. Hələ bir müddət əvvəl ƏMDK tərəfindən sistemin yaradılması işlərinin satın alınması üzrə açıq tender elan edilib.
Tender nəticəsində irəli sürülmüş tələblərə cavab verən və Azərbaycanda muhum layihələrdə iştirak edən Koreyanın "SK C & C" Co.LTD şirkəti qalib gəlib. Təqdimat tədbirində tenderin qalibi və təchizatçısı olan şirkətlə yanaşı, Qrant Sazişi üzrə Norveç və Danimarka mütəxəssisləri, “Sumqayıt daşınmaz əmlakın Kadastrı” layihəsi üzrə podratçı Türkiyə şirkətinin, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemini hazırlayacaq NETCAD və “Saybernet” şirkətinin ekspertləri də iştirak ediblər.
Həmçinin tədbirdə ünvan reyestri ilə əlaqədar aidiyyəti dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Səhiyyə Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Bakı ŞİH-nin və bir neçə bələdiyyə nümayəndələri iştirak ediblər.
“ICTnews” Elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə ünvan reyestrinin mahiyyəti, Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”ndəki müvafiq fəaliyyətlərin koordinasiyası, elektron xidmətlərin göstərilməsində digər dövlət informasiya sistemləri və məlumat bazaları ilə informasiya mübadiləsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, respublika prezidenti fevralın 10-da “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinə, ünvan reyestrinin tərtibi və aparılmasına yeni yanaşmalar, qabaqcıl dünya və Avropa təcrübəsi tətbiq olunacaq.
Layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid və dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanılması və mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin və vətəndaşların istifadəsinə şəraitin yaradılmasıdır.
Ümumiyyətlə, ölkəmizdə yaradılacaq ÜRİS-in beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa Birliyinin EURADIN layihəsi və INSPIRE tövsiyələrindən istifadə edilir. Yaradılacaq reyestrin məlumatlarının dövlət və qeyri-hökumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə etməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcək. Sistem ƏMDK aparatında və onun regional ofislərində fəaliyyət göstərən “Ünvan Reyestri” üçün nəzərdə tutulan bütün məlumatları, komponentləri və funksiyaları əhatə edir.
Sistem komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq və mərkəzləşdirilmiş formada texniki xidmət göstəriləcək mərkəzi məlumat bazasından istifadə ediləcək. Nəticə etibarilə, bu məlumat bazası bütövlükdə Azərbaycanın bütün ünvanlarının saxlanılması üçün istifadə ediləcək. Belə ki, sistemin ümumi konsepsiyasına əsasən, ÜRİS mərkəzləşdirilmiş bir sistem olacaq.
Bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaranacaq. Bu imkan dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə reallaşacaq. Bütün ünvan məlumatları ümumi mərkəzi məlumat bazasında saxlanılacaq. Bütün proqramlar mərkəzi serverə yüklənəcək və oradan idarə olunacaq.
Ünvan reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq. ÜRİS ünvan məlumatlarının istifadəçilərə çatdırılmasını, eləcə də Azərbaycanda mövcud olan digər elektron reyestrlərlə ünvan məlumatlarının elektron mübadiləsini təmin edəcək.
Sistem Azərbaycanda mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək. Bu informasiya sistemləri dövlət orqanlarının vətəndaşlara, hüquqi şəxslərə və bələdiyyələrə elektron xidmətlərin göstərilməsində mühüm vasitəyə çevriləcək.
Ümumiyyətlə, Azərbaycanda ünvan reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan Hökuməti ilə Norveç Hökuməti arasında ünvan reyestrinin yaradılması məqsədi ilə Qrant Sazişi imzalanıb. Sazişə əsasən, 1,5 il ərzində Azərbaycanda “Ünvan Reyestri İnformasiya Sistemi”nin yaradılması nəzərdə tutulur. Müasir informasiya-kommunikasiya texnologiyaları əsasında qurulacaq avtomatlaşdırılmış ünvan reyestri idarəetmə sistemi və məlumat bazasının yaradılması ölkəmizdə qeyri-neft sektorunda və infrastruktur sahəsində həyata keçirilən mükəmməl innovativ layihələrdən biridir.
Azərbaycanda ünvan reyestrinin yaradılması nəticəsində ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq, ünvanlar barədə çevik qaydada məlumat almaq mümkün olacaq, daşınmaz əmlaklara ünvan verilməsi, şəhər təsərrüfatlarının idarə edilməsi və planlaşdırılması optimallaşdırılacaq. Eyni zamanda, ünvanlara dair informasiya sistemi dövlət qurumları və bələdiyyələr tərəfindən istifadə olunacaq, onların idarəetmə işlərində və fəaliyyətlərində mühüm rol oynayacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL