Bu gün Herman Holleritin anadan olduğu gündür
Herman Hollerit 1860-cı il fevral ayının 29-u tarixində Amerikanın Buffalo şəhərində anadan olub. O, 1879-cu ildə Kolumbiya Universiteti nəzdindəki dağ-mədən məktəbini bitirib və professor U. Trubridcin (W.P. Troubridge) assistenti olub. Herman Hollerit 1882-ci ildə Massaçusets Texniki İnstitutunda müəllim vəzifəsində çalışmağa başlayıb.
Təbii ki, elm sahəsi Holleritin işlərinə müsbət təsir edir. O, burada həqiqətən mürəkkəb məsələləri həll edə bilirdi. Onlardan biri əhalinin siyahıya alınmasını daha effektiv həyata keçirməyə imkan verən qurğu hazırlaması oldu.
Məsələ ondadır ki, o zamanlar ABŞ-a Yer kürəsinin hər tərəfindən xeyli sayda insan gəlirdi. Əhalinin siyahıya alınması isə hər 10 ildən bir keçirilirdi. Bununla belə nəticələrin hesablanmasına təxminən 7 il vaxt sərf olunurdu. Aydındır ki, bu son dərəcə effektsiz idi.
Məhz Herman Hollerit tərəfindən hazırlanmış hesab maşını (tabulyator) əsl inqilab oldu. 1890-cı ildə keçirilən əhalinin siyahıya alınmasında həmin hesab maşınından istifadə edildi. Bu dəfə nəticələrin hesablanmasına isə cəmi 2,5 il vaxt sərf olundu. Bu, əvvəlki siyahıya alma illəri ilə müqayisədə demək olar ki, 3 dəfə az idi. Həmçinin 5 milyon dollara qənaət edildi.
Bundan əlavə, məlumatların işlənilməsi üzərində cəmi 700 insan işləyirdi, lakin əvvəllər bu məsələnin həlli üçün ən azı 1500 insan cəlb edilirdi. Bu uğurdan sonra Hollerit müəllimlik fəaliyyətini yarımçıq saxlayaraq bizneslə məşğul olmağa başladı. O, 1896-cı ildə "Tabulating Machine Company" (TMC) şirkətini yaratdı.
Şirkət ilk vaxtlar ticarət maşınları istehsal etməyə çalışırdı, lakin 1900-cü ildə əhalinin siyahıya alınması ərəfəsində ABŞ əhalisinin siyahıya alınması bürosu üçün hesab maşınları istehsalı ilə məşğul oldu. 3 il sonra, dövlət dəstəyi bitdikdə Herman Hollerit yenidən öz diqqətini ticarət maşınları istehsalına yönəltdi. Müəyyən müddətdən sonra "TMC" şirkətinin hesab maşınları artıq xaricə də tədarük olunurdu.
Hərçənd ki, şirkət inkişaf edirdi, lakin Holleritin sağlamlığı getdikcə pisləşirdi. Məhz bu səbəb onu 1911-ci ildə milyonçu Çarlz Flintin "TMC" şirkətini satınalma təklifini qəbul etməyə vadar etdi.
Sazişin dəyəri 2.3 milyon dollar həcmində qiymətləndirildi. Herman Hollerit 1.2 milyon dollar əldə etdi. Faktiki olaraq söhbət səhmlərin satın alınmasından deyil, "TMC" şirkəti ilə "ITRC" (International Time Recording Company) və "CSC" (Computing Scale Corporation) şirkətlərinin birləşməsindən gedirdi. Nəticədə "CTR" (Computing Tabulating Recording) korporasiyası yarandı. 1924-cü ildə isə "CTR" adı "IBM" adına dəyişdirildi.
Herman Hollerit 1929-cu il 17 noyabr tarixində dünyasını dəyişib.
Hazırladı: Hüseynov Emil
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL