waplog

Azərbaycan ABŞ-da keçiriləcək “İntel®- Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə təmsil olunacaq


Azərbaycanda innovativ bacarıqları ilə seçilən şagirdlər özlərini ölkəmizdə ilk dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsində sınayıblar. Artıq Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının dəstək verdiyi müsabiqənin qalibləri bəlli olub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, müsabiqənin nəticəsi olaraq Bakı şəhərinin “Gənc İstedadlar” liseyinin şagirdləri Arif Bayramov “İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem” layihəsinə görə və Mahirə Səfərəlizadə “Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması” layihəsinə görə fərdi layihə nominasiyasının qalibi olublar. Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə “Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyasının təsiri” layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan ediliblər.

“Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində təhsil naziri Misir Mərdanov ilə birgə gənclər və idman naziri Azad Rəhimov, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarov və “İntel” korporasiyasının Ukrayna və MDB ölkələrinin korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva çıxış ediblər. Onların hər biri Azərbaycan məktəblilərinin elmin inkişafa töhfəsi üçün bu müsabiqənin əhəmiyyətini vurğulayıblar.

Təhsil naziri M.Mərdanov bu cür müsabiqə və layihələrin gələcəkdə Azərbaycanda daha geniş miqyasda keçiriləcəyini bildirib: “Ümidvaram ki, Gənclər və İdman Nazirliyi ilə birgə “Mədəd” təşkilatı bizi bu mühüm işdə dəstəkləyəcəklər.” Eyni zamanda, M.Mərdanov Azərbaycanın təhsil sisteminin inkişafında, informasiya və kommunikasiya texnologiyalarının tətbiqində, məktəblilərə dəstək olmasında “Mədəd” təşkilatının xüsusi rolunu qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov da gələcəyin alimlərini artıq məktəb illərində minlərcə məktəbli arasından seçib tapmağın və onlara dəstək olmağın vacibliyini deyib. “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə görə, təhsil sahəsində müasir texnologiyaların istifadəsi elmin inkişafı üçün zəruridir.

Qeyd edək ki, müsabiqə qalibləri 13-18 may 2012-ci il tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçiriləcək “İntel®- Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə Azərbaycanı layihələri ilə təmsil edəcəklər.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL