Daşınmaz əmlak üzrə xidmətlərin elektronlaşdırılması qeydiyyata marağı artırıb
Daşınmaz əmlakın qeydiyyatı üzrə təklif olunan xidmətlərin elektronlaşdırılması əhalinin bu sahəyə marağını artırıb.
Belə ki, ötən il Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı rekord səviyyəyə çatıb. 2011-ci ildə əmlakın qeydiyyatının belə kəskin artmasının başqa səbəbləri də var. Əsas səbəblərdən biri bu sahədə prosedurların sadələşdirilməsi, vətəndaşlardan artıq sənədlərin istənilməsi hallarının aradan qaldırılması, şikayət və müraciətlərin araşdırılmasında operativliyin artırılması, ümumilikdə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, ən maraqlı yenilik əhalinin əmlakın qeydiyyatına münasibətinin dəyişməsidir: "Ölkədəki iqtisadi proseslər, əhalinin və sahibkarların bu proseslərə getdikcə daha aktiv cəlb olunması, bazar iqtisadiyyatının tələbləri, kredit-girov münasibətlərinin inkişafı, mülkiyyət məsələlərinə baxışın və münasibətin ciddiləşməsinə səbəb olub. Bununla paralel aparılan maarifləndirmə kampaniyaları da əhalinin qeydiyyatdan keçmiş və tamamilə sənədləşdirilmiş əmlaka inamını və etibarını artırıb".
Bunların nəticəsində ƏMDK tərəfindən 2011-ci ildə ölkədə rekord həddə - 147 mindən artıq əmlak qeydiyyata alınıb. Bu isə 2010-cu ilə nisbətən 56 faiz artıqdır. 2011-ci ildə əmlakın qeydiyyatı üzrə həm ümumi göstəricilər, həm də ayrı-ayrı əmlak növləri üzrə rəqəmlər əvvəlki illəri kəskin üstələyir. Ötən il qeydiyyatdan keçən əmlakın 52 583-ü (35,7 faiz) ilkin, 94 785-i (64,3 faiz) təkrar qeydiyyatdan keçib. Ötən ilə nisbətən ilkin qeydiyyat 81,4 faiz, təkrar qeydiyyat 44,3 faiz artıb. Ötən il ölkədə qeydə alınan əmlakın böyük hissəsi - 62,8 faizi regionların, 37,2 faizi Bakı şəhərinin payına düşüb. Ötən il Bakı şəhərində 7 105 fərdi yaşayış və bağ evi, 36 085 mənzil, 7 883 torpaq sahəsi, 1 000 qeyri-yaşayış binası, 2 538 qeyri-yaşayış sahəsi, 238 əmlak kompleksi, 16 çoxmərtəbəli yaşayış binası üzrə mülkiyyət hüququ qeydə alınıb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları, əmlak kompleksləri və çoxmərtəbəli binalarla əməliyyatların böyük hissəsi regionlarda aparılır.
Ötən il 34 çoxmərtəbəli binadan 18-i regionların, 16-sı Bakının payına düşüb. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL